“İQNA”, “Ərəbi 21” saytına istinadən xəbər verir ki, bu açıqlama Avropa Komissiyasının sözçüsü Eva Hernsirova tərəfindən Belçikanın paytaxtı Brüsseldə keçirilən mətbuat konfransında səsləndirilib.
Konfransda ondan soruşulub ki, Avropa İttifaqı İsraildən keçən ilki donanmanın aqibətinin təkrarlanmaması üçün — yəni Tel-Əvivin beynəlxalq sularda fəallara hücum edib onları həbs etdiyi hadisənin — hər hansı təminat tələb edəcəkmi?
Hernsirova cavabında bildirib ki, Avropa İttifaqı üzv ölkələrlə və İsraillə Qəzza zolağındakı humanitar vəziyyət barədə mütəmadi əlaqə saxlayır. O əlavə edib: “Biz humanitar yardımın çatdırılması üçün Qəzzaya maneəsiz girişin vacibliyini daim vurğulayırıq.”
O qeyd edib: “Donanma üzvlərinin humanitar öhdəliklərinə hörmət etsək də, belə üsulları (könüllülərlə müşayiət olunan humanitar karvanlar) təşviq etmirik, çünki bu, iştirakçıların təhlükəsizliyini riskə atır.”
Sözçü əlavə edib ki, ümumi prinsiplərə əsasən, Avropa İttifaqı daxilində belə fəaliyyətlərə icazə verilir, lakin toplaşma azadlığı və beynəlxalq sularda üzmə qaydalarına riayət olunmalıdır.
O deyib: “Biz humanitar yardımın çatdırılmasını prinsipial olaraq dəstəkləyirik, Qəzzada olduğu kimi. Avropa İttifaqı tərəfdaşları ilə birlikdə çalışır və əsas məqsədimiz karvanın məqsədi ilə eynidir: Qəzzaya ərzaq və zəruri ləvazimatların çatdırılması və insanların əzabının azaldılması.”
Bazar günü “Sümud” qlobal donanması Siciliya adasından Qəzza mühasirəsini yarmaq və humanitar yardım çatdırmaq üçün yola düşüb.
“Sümud” qlobal karvanı 2025-ci ildə müxtəlif ölkələrdən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, fəallar və könüllülər tərəfindən yaradılmış mülki təşəbbüsdür. Gəmilər 12 aprel tarixində İspaniyanın Barselona şəhərindən yola düşmüş, 23 apreldə Siciliya adasına çatmış və daha sonra Sirakuza və Auqusta şəhərlərindən italyan fəallar və gəmilər onlara qoşulmuşdur.
Bu, “Sümud” karvanının ikinci təşəbbüsüdür. Birinci karvan beynəlxalq sularda hərəkətdə olarkən İsrail rejiminin hücumuna məruz qalmış, yüzlərlə beynəlxalq fəal həbs edilərək daha sonra ölkədən çıxarılmışdı.
4348999