IQNA

9:59 - June 21, 2020
Xəbər sayı: 3487441
Tehran (IQNA) - Bu gün, həftənin Bazar günü, İyun ayının 21-də səhər çağı, 2020-ci ilin ilk Günəş tutulması baş verdi. Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Bu gün, həftənin Bazar günü, İyun ayının 21-də səhər çağı, 2020-ci ilin ilk Günəş tutulması baş verəcək. Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Qeyd edək ki, Azərbaycan ərazisində Günəş tutulması qismən müşahidə olunacaq. Verilən xəbərə görə, tutulma Bakı vaxtı ilə saat 08:47-də başlayıb, saat 11:05-dək davam edəcək.

Müqəddəs şəriətimizin göstərişlərinə əsasən, bir sıra təbiət hadisələri zamanı, o cümlədən, Ay tutulması (xusuf), Günəş tutulması (kusuf), zəlzələ və bir sıra digər hallarda ayət namazı qılınmalıdır.

Tutulmağa başlanandan açılmağa başlananadək ayət namazı əda niyyətilə qılınır.  Açılmağa başlayandan sonra isə əda və qəza niyyəti etmədən qılmaq lazımdır. Tam açılandan sonra isə qəza niyyətilə qılınır.

Yəni, kimsə müəyyən səbəblərdən bu arada qıla bilməsə, tam açılandan sonra qəza niyyətilə qılmalıdır.

Ayət namazının bir neçə qılınma üsulu var. Onlardan ən sadəsi – hər rükuda 1 dəfə “Həmd” (“Fatihə”) surəsini oxumaq, sonra hansısa surəni 5 yerə bölməklə qılmaq üsuludur.

Bölünən surəni ayələrə bölmək vacib deyil. Bir ayəni bir neçə hissəyə bölmək də olar.

Aşağıda misal olaraq, “İxlas” surəsinin bölünməsi ilə qılınma qaydasını təqdim edirik.

Niyyət müəyyən edilir. Sonra təkbir (“Əllahu əkbər”) deyilir. “Həmd” ("Fatihə") surəsi oxunur.

Sonra deyilir: “Bismilləhir-Rahmənir-Rahim. Qul huvəllahu əhəd”. Sonra rükuya gedilir (1-ci rüku).

Rükudan qalxıb, deyilir: “Əllahus-saməd”. Sonra rükuya gedilir (2-ci rüku).

Rükudan qalxıb, deyilir: “Ləm yəlid”. Sonra rükuya gedilir (3-cü rüku).

Rükudan qalxıb, deyilir: “və ləm yuləd”. Sonra rükuya gedilir (4-cü rüku).

Rükudan qalxıb, deyilir: “Və ləm yəkul-ləhu kufuvən əhəd”. Sonra rükuya gedilir (5-ci rüku).

Sonra səcdəyə gedilir, hər namazdakı kimi, 2 səcdə yerinə yetirilərək, 2-ci rükəti qılmaq üçün ayağa qalxılır.

2-ci rükət də eynilə birinci kimi qılınır.

5 rükudan sonra 2 səcdə yerinə yetirilir, sonra təşəhhüd və salam verilərək, namaz bitirilir.

Gündəlik namazlarda müstəhəb olan şeylər, ayət namazında da müstəhəbdir.

Sual: Ayət namazı nə vaxt qılınır?

Cavab: Gün və Ay tutulması səbəbi ilə qılınan ayət namazının vaxtı, tutulma başlayandan açılana qədərdir. Ehtiyat budur ki, açılma başlamamışdan öncə namazı qılınsın. Açılma başlayandan sonra qılınan namaz əda və ya qəza niyyət etmədən "qürbətən iləllah" qılınmalıdır.

(Ayətullahul-üzma Seyyid Əli Xamenei cənablarının rəsmi saytının şəri hökmlər bölməsinə istinadən)

3905890

 

Ad:
E-poçt:
* Comment:
* captcha: