Keçmiş Seneqal mədəniyyət naziri Amadu Tidian Von Fransanın "Legion d'Honneur" medalını qaytardığını açıqlayıb.
Yerli mediadakı xəbərlərə görə, Fransa prezidenti Emmanuel Makrona məktub yazan Von başı kəsilərək öldürülən və sonra yoxluğunda "Legion d'Honneur" mükafatına layiq görülən Samuel Pati ilə eyni medalı daşımaq istəmədiyini bildirib.
Seneqalın Ottovadakı sabiq səfiri də olan Von məktubunda İslam Peyğəmbərinin karikaturalarını nəşr edən "Charlie Hebdo"nun təxribat və çirkinliyi dolanışıq mənbəyi etdiyini vurğulayıb və jurnalın iqtisadi çətinlik yaşandığı zaman eyni üsula əl atdığını bildirib.
Jurnalın 2015-ci ilin yanvar ayında ciddi bir iqtisadi böhranla qarşılaşdığını qeyd edən Von "Özünüzü xatırlatmanın ən yaxşı yolu məşhur bir adama hücum etməkdir. İslam Peyğəmbərindən daha məşhur biri varmı?", - deyə sual ünvanlayıb.
Von deyib: "Görünür ki, "Charlie Hebdo" Həzrət Məhəmmədin (s) lideri olduğu və onu nümunə götürən 2 milyard müsəlmanın verəcəyi reaksiyanı və nəticələrini nəzərə ala bilməyib. Bu müstəsna "insan" 14 əsrdir ki, tamamilə fərqli sosial şərtlərdə çox irqli bir cəmiyyətin lideridir. Qurani-Kərim bütün zamanların ən yüksək tirajla nəşr olunduğu kitabdır".
Von belə bir çirkin hücumda Fransa liderindən İslam dünyası ilə qarşıdurmanın geosiyasi risklərini nəzərə alan mötədil bir münasibət gözlənildiyini bildirib.
"Ancaq bunun əksi oldu. Müsəlmanları təhqir edən bu karikaturaları yenidən yayımlamaqla günahı siz (Makron) öz boynunuza götürdünüz. Bu çirkin insanlardan qəhrəman yaratmağa çalışdınız", - deyə Von bir dövlət adamının xalqının bütün ünsürlərinə bərabər məsafədə olması lazım olduğuna diqqət çəkib.
Fransada İslamın yüksəlişdə olduğunu qeyd edən Von oradakı müsəlman toplumun mövcudluğunun indi danılmaz olduğunu vurğulayıb. /3935339