İnsan cəmiyyətinə bədbəxtlik və azğınlığa səbəb olan ən mühüm məsələlərdən biri də haqqın gizlədilməsi məsələsidir. Bu məsələ İslamın əvvəlindən müsəlman ümmətinə çoxlu ziyan vurduğu üçün həqiqəti gizlətmək ən böyük günahlardandır.
Nümunə olaraq, İslam Peyğəmbərinin (s) əlamətlərini bilən və Tövratda bildirilən axırəz-zaman peyğəmbərini görmək üçün Mədinəyə gəlmiş əvvəlki dinlərin bəzi alimləri İslam Peyğəmbəri (s) göndərildiyi zaman hiss etdilər ki, əgər ona iman etsələr, dünya mənfəətlərini itirəcəklər. Onun düşməninə çevrildilər və həqiqəti söyləməkdən imtina etdilər. Buna görə də "Bəqərə" surəsinin 159-cu ayəsi İslam Peyğəmbərinə (s) nazil oldu: "Kitabda (Tövratda) insanlara bəyan etdikdən sonra nazil etdiyimiz açıq-aşkar dəlilləri və hidayəti gizlədənlər Allahın lənətinə düçar olar və (bütün) lənət edə biləcək kimsələr də onlara lənət oxuyar!".
Əgər kimsə həqiqəti bilib gizlədirsə, bu, mütləq cəmiyyətə problemlər yaradacaq. Həqiqəti söyləyib şəffaf yaşayanların zahiri və batini birdir. Amma haqqı gizlədənlər başqalarının onlara sui-zənn etmələrinə səbəb olurlar.
Haqqı gizlətmək böyük günahdır. Onun cəzası budur ki, Allah və bütün bəndələri tövbə edib rəftarlarını islah etmədikcə onu lənətləyəcəklər. Ona görə də haqqı gizlətmək Allahın haqqına etinasızlıq etməkdir. Tövbə etdikdə isə Allah onun tövbəsini qəbul edər. Necə ki, Quran vurğulayır: "Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!" (Bəqərə, 161).
Əlbəttə ki, insanlar bəzən tövbə etməyə müvəffəq olurlar. Lakin bu fürsət həmişə onlara verilməyə bilər və tövbə etmədən dünya həyatını tərk edərlər.