IQNA

Bir araşdırmanın nəticələri göstərdi:

Süni intellekt Britaniyada müsəlmanlara qarşı ekstremizmin yayılmasına təkan verir

22:04 - September 23, 2025
Xəbər sayı: 3498913
İQNA - Süni intellekt İngiltərədə müsəlmanlara qarşı ifratçılığı artırır.

“Əl-Cəzirə”nin verdiyi xəbərə görə, İndependent qəzetində dərc olunan məlumatda bildirilir ki, sentyabr ayında Britaniya parlamentinin Daxili İşlər Komitəsinə təqdim olunan bir araşdırma göstərib ki, süni intellekt tərəfindən yaradılan şəkillər getdikcə daha çox anti-immiqrasiya ritorikasını və radikal sağ ifratçılığı təbliğ etmək üçün istifadə olunur.

London İqtisad Məktəbi tərəfindən aparılan və əsasən “Britain First” və “Innovation Europe” kimi radikal sağ qruplardan götürülmüş 600-dən çox sosial media paylaşımının təhlilinə əsaslanan bu araşdırma sübut edir ki, müsəlmanlar haqqında mənfi stereotipləri gücləndirən süni intellekt əsaslı məzmun digər paylaşımlardan 30 faiz daha çox yayılır və gücləndirilir.

Bu şəkillər və videolar, sakinləri təhdid edən və ya xaos yaradan müsəlmanların təhrif olunmuş təsvirlərini əhatə edir və ötən il Sautport şəhərində baş vermiş zorakı iğtişaşlara gətirib çıxaran ifratçılığa təkan verib. Həmin vaxt uydurma bir xəbər yayılmışdı ki, guya bu şəhərdə uşaqlara qarşı kütləvi bıçaqlanma hadisəsinin günahkarı müsəlman qaçqın olub.

Araşdırma göstərib ki, sosial media alqoritmləri parçalaycı məzmunu ön plana çıxarır və nifrətin yayılmasını gücləndirir. Həmçinin süni intellektlə yaradılmış irqi ayrı-seçkilik və islamofob məzmunun onlayn məkanda normallaşmasına diqqət çəkilib.

Bu araşdırmaya rəhbərlik edən tədqiqatçı Dr. Beatriz Lopez, Böyük Britaniya hökumətini daha sərt qaydalar tətbiq etməyə çağırıb və Ofkoma (Britaniya Media və Yayım Tənzimləmə Qurumuna) süni intellekt ifratçılığı üzrə ixtisaslaşmış bir bölmə yaratmağı tövsiyə edib.

Hərçənd TikTok və X (keçmiş Twitter) kimi platformalar süni intellektlə yaradılmış nifrət və dezinformasiyaya qarşı qaydalar tətbiq etdiklərini iddia edirlər, hesabat isə aşkarlanmayaraq yayılan çoxlu miqdarda ifratçı məzmunu tənqid edib və bunun real həyatda ağır nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

Bu narahatlıqları nəzərə alaraq, Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzi (CCDH) sosial media platformalarının siyasət və alqoritmlərində islahat aparılmasına çağırıb.

Mərkəz vurğulayıb ki, Britaniyada, xüsusilə müsəlmanlara və miqrantlara qarşı düşmənçiliklə bağlı zorakı ifratçılığın artımı təhlükəli sürət alıb və bu, milli təhlükəsizliyi təhdid edir. Mərkəz hökuməti bu cür rəqəmsal ifratçılığa qarşı konkret tədbirlər görməyə çağırıb.

4306020

captcha