“İQNA”-nın “Cəridə Oman” qəzetinə istinadən verdiyi xəbərə görə, Sultan Qabus Qurani-Kərim müsabiqəsinin 33-cü buraxılışının ilkin mərhələsinin on beşinci raundu, Məsqət vilayətinin Buşər şəhərində yerləşən Sultan Qabus Məscidinin iclas zalında başlanıb.
Sultan Qabus Ali Mədəniyyət və Elmlər Mərkəzi tərəfindən təşkil olunan bu yarışma özünün 33-cü buraxılışını keçirir. Ölkənin müxtəlif vilayətlərindən təxminən 2800 kişi və qadın iştirakçı, o cümlədən yalnız Məsqət vilayətində yerləşən dörd mərkəzdən – Əl-Əmərat, Sib, Buşər və Quriat şəhərlərindən 734 iştirakçı bu yarışmada iştirak edir.
Müsabiqənin Buşərdə keçirilən ilk günü gərgin rəqabətə şahid olub. Bu mərhələdə 154 kişi və qadın iştirakçı beş gün ardıcıl olaraq bir-biri ilə yarışacaq və bu mərhələ gələn həftənin cümə axşamı başa çatacaq.
Müsabiqənin ilkin və final mərhələlərinin sədr müavini Səid bin Həmid əd-Duvayni “Oman Nyuz” qəzetinə açıqlamasında bildirib: “Bu müsabiqənin 33-cü buraxılışı əvvəlki buraxılışlardan daha çox iştirakçı ilə müşahidə olunur və ümumilikdə 2800 kişi və qadın müxtəlif səviyyələrdə qatılıb. Bu da cəmiyyətdə Qurani-Kərimin hifz olunmasının əhəmiyyətinə dair geniş məlumatlanma, Quran məktəblərinin çoxalması və hər yaşda olan iştirakçıların valideynlərinin Quran icazənaməsi almaq istəyinin artması ilə bağlıdır”.
O, valideynlərin övladlarını kiçik yaşlardan Qurani-Kərimi hifz etməyə təşviq etmələrini yüksək qiymətləndirdiyini vurğulayıb.
Səid bin Həmid əlavə edib: “Bu müsabiqə hifzin keyfiyyətini və tilavət məharətini nümayiş etdirir, eyni zamanda çoxsaylı iştirakçıları Oman Sultanlığını bir sıra regional və beynəlxalq müsabiqələrdə təmsil etməyə hazırlayır və ixtisaslaşdırır. Bu yarışmanın nəticələrindən biri də müxtəlif qurumlarda iştirak edən bir sıra görkəmli qarilərin yetişməsidir. Bu isə radio və televiziya kanallarını, yarışmada ön sıralarda yer alanların tilavətlərini qeydə almağa həvəsləndirib ki, bu da müsabiqənin uğurlarından sayılır”.
4306615