“Əl-Cəzirə”nin verdiyi xəbərə görə, Beynəlxalq əfv təşkilatı dünya miqyasında 15 şirkətin işğalçıların Qəzzədəki hərəkətlərini asanlaşdırmaqda rolunu ifşa edib.
Qurumun açıqlamasına əsasən, bu şirkətlər hərbi hücumlarda istifadə olunan avadanlıq və xidmətləri təmin etməklə beynəlxalq qanunların pozulmasına yardım ediblər.
Beynəlxalq əfv təşkilatı bəyan edib ki, beynəlxalq ictimaiyyətin Qəzzədəki vəziyyət qarşısında susmaq və ya xəbərsiz olduqlarını iddia etmək üçün artıq heç bir bəhanəsi yoxdur, çünki israillilərin fələstinlilərə qarşı soyqırımı törətməsinə dair çoxsaylı sübutlar toplanıb.
Qurum BMT-nin beynəlxalq araşdırma komitəsinin hesabatına istinad edərək vurğulayıb ki, İsrail qüvvələri və rəsmiləri xüsusilə Qəzzə şəhərində soyqırımı cinayətlərini törətməkdə davam edirlər.
Beynəlxalq əfv təşkilatı həmçinin dərhal sanksiyaların tətbiqini və sionist rejiminə silah satışının dayandırılmasını tələb edib və xəbərdarlıq edib ki, dəstəyin davamı dinc sakinlərə qarşı cinayətlərdə birbaşa iştirak deməkdir.
İttiham olunan bəzi şirkətlər bunlardır: ABŞ-dan Boeing, Lockheed Martin, Palantir; İsraildən Elbit Systems, Rafael, Corsight, Mekorot və İsrail Hava Sənayesi (IAI); Çindən Hikvision; İspaniyadan CAF; Cənubi Koreyadan HD Hyundai.
Beynəlxalq əfv təşkilatının bu mövzuda yaydığı bəyanatda deyilir: “Biz Qəzzədə soyqırımı dəstəkləyən şirkətlərlə bütün ticarət və investisiyaların dayandırılmasını və onların sanksiyalara əməl etmələrinin təmin edilməsini tələb edirik.”
Beynəlxalq əfv təşkilatının baş katibi Anyes Kalamard hesabatda bildirib: “Ölkələr, institutlar, şirkətlər və universitetlər artıq hər hansı qiymətə mənfəət əldə etmək kimi ölümcül asılılıqlarına son verməlidirlər. Onilliklərdir davam edən qanunsuz işğal və aparteid dərin iqtisadi və kommersiya dəstəyi ilə mövcud olub, Qəzzədə soyqırım isə silah və hərbi texnologiyaların sonsuz axını ilə gücləndirilib. İnsan ləyaqəti bir mal deyil. Fələstinli analar Qəzzədə övladlarının aclıqdan can verdiyini izləyərkən, silah şirkətləri hələ də böyük mənfəətlər qazanır. Bu proses dərhal dayandırılmalıdır.”
4305746