"İQNA", "Əl-Ərəbiyyul-Cədid"-ə istinadən xəbər verir ki, İslami müqəddəsləri təhqir etməyə davam edən ifrat sağçı Pegida hərəkatının Hollandiya qoluna rəhbərlik edən Edvin Vaqensfeld şənbə günü Türkiyə, Pakistan, İndoneziya və Danimarkanın Haaqadakı səfirlikləri qarşısında Qurani-Kərimin nüsxələrini cırıb.
Bu ifratçı Hollandiyalı siyasətçinin Qurani-Kərimi təhqir edən hərəkəti İslam ölkələrində geniş reaksiya ilə qarşılanıb.
Qətər Şurasının sədri Həsən Əl-Qanim deyib: “Niderlandın Haaqa şəhərində bir sıra ölkələrin səfirlikləri qarşısında Qurani-Kərimin nüsxələrinin cırılması bütün dünyada iki milyarddan çox müsəlmanı təhrik etməkdə davam edir”.
O, rəsmi hesabında bir yazı dərc edərək əlavə etdi: "İfadə azadlığı bəhanəsi ilə bu hərəkətləri təkrarlamaq müsəlmanları hədəfə almaqdan, nifrət və irqçiliyi qızışdırmaqdan başqa bir şey deyil".
Küveyt də Hollandiyanın qərbində yerləşən Haaqadakı bir sıra səfirliklərin qarşısında ekstremist qruplaşmanın Qurani-Kərimin nüsxələrini cırması hərəkətini pisləyib.
Misir də Hollandiyada ekstremist qruplaşmanın lideri tərəfindən Qurani-Kərimin dəfələrlə cırılması əməlini pisləyib. Həmçinin təəssüfləndiyini bildirməklə yanaşı, bu hərəkətləri milyonlarla müsəlmanın müqəddəslərinə hörmətsizlik etməklə nifrətə səbəb olan təxribatçı və məsuliyyətsiz hərəkətlər kimi qiymətləndirib.
Pakistan da Hollandiyanın Haaqa şəhərində Qurani-Kərimin təhqir edilməsini pisləyib.
Əl-Əzhər də Qurani-Kərimin təhqir olunmasını qəti şəkildə pisləməklə yanaşı, Niderlandın Haaqa şəhərindəki bir sıra səfirliklərin qarşısında Qurani-Kərimin cırılması cinayətlərindən dərin narazılığını bildirib.
Bu dini qurum vurğulayır ki, bu cinayətlərin İslam Peyğəmbərinin (s) mövlud gününə təsadüf edən günlərdə törədilməsi islamofobiyanın, İslama və müsəlmanlara qarşı düşmənçiliyin qəsdən artdığının sübutudur.
Əl-Əzhər vurğulayıb: "Bu cinayətlərin təkrarlanması sübut edir ki, bəzi Qərb hökumətləri dünya sülhü və dinc yanaşı yaşama dəyərlərini möhkəmləndirməkdə qərarlı deyillər. Həmçinin belə cinayətlərin davam etdirilməsinə yaşıl işıq yandırırlar!".
4171141