İmam Hüseynin (ə) Yezid ibn Müaviyənin zülmü, haqsızlığı və qeyri-qanuniliyinə qarşı qiyamı tarix boyu bir çox hərəkat və inqilablar üçün həmişə örnək olmuşdur. İmam Hüseyn (ə) öz azsaylı səhabələri ilə birlikdə insanların şərəf və ləyaqətinin müdafiəsi yolunda o qədər döyüşüb şəhadətə çatdı ki, tarix boyu bu hadisədən xəbərdar olan hər kəs onun və səhabələrinin zülm əməruz qalmasına şəhadət vermişdir.
Ölkələrinin istiqlaliyyatı, xalqının zülm və əsarətdən azad olunması uğrunda mübarizə aparan dünyanın bəzi azadlıqsevərləri həmişə İmam Hüseynin (ə) hərəkatını yüksək qiymətləndirmiş və bunu özlərinə nümunə göstərmişlər. Ən məşhur nümunə hindlilərin siyasi və mənəvi lideri, öz millətini ingilis müstəmləkəçiliyindən azad olmaq yolunda irəli aparan Maqatma Qandinin sözləridir. O, bu barədə deyir: “İslamın böyük şəhidi Hüseynin (ə) həyatını diqqətlə oxudum və Kərbəla səhifələrinə kifayət qədər diqqət yetirdim. İndi mənə aydın oldu ki, Hindistan bir ölkə olaraq qalib gəlmək istəyirsə, İmam Hüseyndən (ə) nümunə götürməlidir.
Bundan əlavə, İmam Hüseynin (ə) həyat hekayəsini və onun tarixi hərəkatını öyrənmək bu şəxsiyyətlə qarşılaşan hər bir mütəfəkkir üçün ilham mənbəyi olmuş və onun qəlbinin oyanmasına səbəb olmuşdur.
Böyük Pakistan filosofu və mütəfəkkiri İqbal Lahori də yazır: "Hüseyn ibn Əlinin (ə) qiyamından alına biləcək ən yaxşı dərs mənəvi azadlıqdır. Yalnız o kəslər Hüseynin (ə) həqiqi davamçısı ola bilərlər ki, hər şeydən əvvəl hürriyyətli və azad olsunlar, ikincisi, onu əldə edəndən sonra başqalarını da ondan faydalandırsınlar.
İslam tarixinin bu böyük şəxsiyyəti haqqında çoxlu sözlər və təriflər söylənmişdir. Amma bunlardan əlavə, o Həzrət elə bir şəxsiyyətdir ki, onun istər qiyamdan əvvəl, istərsə də qiyam zamanı həyat hekayəsini oxusaq, ondan haqq yolunda dönməzlik dərsi ala bilərik.