IQNA

İnguşetiyanın paytaxtında ikinci beynəlxalq Quran müsabiqəsi keçirilib

11:32 - August 20, 2025
Xəbər sayı: 3498723
İQNA - Rusiya Federasiyasının İnquşetiya Respublikasının paytaxtında 32 ölkədən qarilərin iştirakı ilə Qurani-Kərimin tilavət və hifzi üzrə ikinci beynəlxalq müsabiqəsi keçirilib.

“İQNA”-nın “muslimsaroundtheworld”-a istinadla verdiyi xəbərə görə, Qurani-Kərimin ikinci beynəlxalq tilavət müsabiqəsi 16–18 avqust tarixlərində İnquşetiya Respublikasının paytaxtı Maqas şəhərində start götürüb. Müsabiqə, Qafqazın çətin şəraitində İslam təlimlərini yaymış bu respublikanın ilk müftisi Şeyx Sulambek Şaxbutoviç Uluev Salambekin xatirəsinə həsr olunub.

Müsabiqədə Rusiya, Türkiyə, İndoneziya, Çin, İraq, Malayziya, Keniya, Almaniya, Fələstin, İordaniya, Fransa, Hollandiya, İran, Bəhreyn, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən tanınmış qari və hafizlər iştirak ediblər.

Bundan əlavə, Rusiyanın Tatarıstan, Başqırdıstan, Çeçenistan, İnquşetiya, Dağıstan, Kabardin-Balkar, Omsk və Moskva kimi müsəlmanların yaşadığı respublika və bölgələrindən gələn qarilər də yarışa qatılıb. Bu iştirak, ölkə daxilində müsəlmanların həmrəyliyini nümayiş etdirib.

Müsabiqənin əsas məqsədi gəncləri Quranı hifz və tilavətə təşviq etmək, həmçinin gözəl və düzgün oxu qabiliyyətinə malik istedadları üzə çıxarmaq və dəstəkləmək olub. Yarış iki əsas bölmədən ibarət idi: Qurani-Kərimin tam hifzi və gözəl, düzgün, təcvidə riayət edilməklə tilavət.

Müsabiqə iştirakçılarını beynəlxalq heyət qiymətləndirib. Onların sırasında Rusiyadan, Suriyadan, Tunisdən, Türkiyədən və İraqdan hakimlər yer alıb. Qazandan Şeyx Mamun ər-Ravi və şəriət alimi Şeyx Seyf bin Əli əl-Əsri də münsiflər heyətində iştirak ediblər.

Tatarıstan müftisi Kamil Samigullin başda olmaqla Tatarıstan heyəti və tanınmış beynəlxalq alimlər də yarışın yüksək səviyyədə təşkilinə töhfə vermək məqsədilə fəxri qonaq qismində tədbirdə iştirak ediblər.

Müsabiqənin sonunda iştirakçılara ümumilikdə 51 min ABŞ dolları məbləğində pul mükafatı təqdim olunub. Həmçinin təşkilat komitəsi iştirakçı və qonaqları ruhlandırmaq məqsədilə dəyərli hədiyyələr – noutbuk, ağıllı telefon, planşet, həmçinin qaliblərə ümrə ziyarəti biletləri təqdim edib.

Müsabiqəni “Vuşal” xeyriyyə fondu, İnquşetiya Xarici İşlər, Milli Siyasət və İnformasiya Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edib. Yarış günləri hər gün saat 15:00-dan 22:00-dək mənəvi bir mühitdə keçirilib.

Şeyx Salam-bek 1937-ci ildə İnquşetiyanın Ali-Yurt şəhərində dünyaya gəlib. O, gizli şəkildə dini elmlərə üz tutub və fiqh, şəriəti Şafii məzhəbinə uyğun olaraq atasından və babasından öyrənib. Dini bilikləri zöhd, ibadət və zikrlə birləşdirərək elmi təhsilini mühəndislik ixtisası ilə tamamlayıb və patent sahibi olan bacarıqlı mühəndis kimi yüksəlib, nəhayət, “Qabor Axro” zavodunda baş mühəndis və şöbə rəisi olub.

O, 14 fevral 2008-ci ildə vəfat edib və onun adı Kareliyanın İslam Mərkəzinə verilib. Oğulları atasının yolunu davam etdirərək məscidlər, məktəblər və Quran hifzi mərkəzləri təsis ediblər. Onların ən son təşəbbüsü isə İnquşetiyada beynəlxalq Quran müsabiqəsinin yaradılması olub ki, bu da onun Qurani-Kərimi öyrətmək, qorumaq və dünya müsəlmanları arasında əlaqələr qurmaq irsini yad edir.

4300654

captcha