“İQNA”-nın “News Room”a istinadla verdiyi xəbərə görə, mərhum misirli qarilərdən Şeyx Mahmud Xalil əl-Husrinin nəvəsi, hakim Eymən Əbdülhəkim Misirin “CBC” peyk kanalına müsahibəsində babasının insansevər şəxsiyyətindən danışaraq vurğulayıb: “O, səbirli, xoşxasiyyətli, kasıblara qayğıkeş və uşaqları sevən bir insan idi.”
Əbdülhəkim “Qadınlar yalan danışmağı bacarmır” adlı proqramda – hansı ki, yaxınlarda Şeyx əl-Husrinin doğum günü münasibətilə CBC kanalında yayımlanıb – deyib: “Uşaq olduğum vaxtlarda babam həmişə məni qucaqlayır, sığallayırdı. O dövrdə diqqətimi ən çox cəlb edən məqam evimizə gələn kasıb və ehtiyaclıların çoxluğu idi. Babam onlarla şəxsən maraqlanır, hər birinə cib Qurani-Kərimindən hədiyyə edirdi və həmin nüsxələrin səhifələri arasına heç kimin qəlbi sınmasın deyə gizlicə pul qoyurdu.”
O əlavə edib: “Hər cümə günü Qahirədəki İmam Hüseyn (ə) məscidində onun ayaqları yanında otururdum və o, Kəhf surəsini tilavət edirdi. Onlarla namaz qılan insan namazdan sonra onun ətrafına toplaşırdı ki, varlığından bəhrələnsinlər.”
Əbdülhəkim bildirib ki, babası həmişə cibində insanlara paylamaq üçün pul gəzdirirdi və özü də bu adətdən təsirlənərək onu davam etdirir.
Şeyx əl-Husrinin nəvəsi əlavə edib: “Babam kim bir surəni əzbərləyərdisə, ona 25 quruş (bir misir funtundan az) verirdi, böyük bir surəni əzbərləyənə isə bir misir funtu verirdi ki, bu da 1970-ci illərdə böyük bir məbləğ sayılırdı.”
Eləcə də, Şeyx əl-Husrinin digər nəvəsi Yasmin əl-Husrinin sözlərinə görə: “Allah mənə lütf edib ki, mən uzun illər Qurani-Kərimi tilavət etməklə məşğul olan bir şəxsin qızıyam. Atam tilavətində səmimi idi və oxuduğu hər bir Quran kəlməsi qarşısında Allah qarşısında xuşu içində olardı.”
O əlavə edib: “Atam mehriban, qayğıkeş, təvazökar, Allahı və Onun Rəsulunu sevən bir insan idi. O, həmişə bizə Allahın və Peyğəmbərin (s) kəlamlarını xatırladır, Quranı əzbərləməyimizi, onun üzərində düşünməyimizi və Quran əxlaqını həyatımıza tətbiq etməyimizi istəyirdi. O, həmçinin bizim nəbəvi sünnə ilə rabitə qurmağımızı və ondan örnək götürməyimizi arzulayırdı.”
4306700