“İQNA”-nın “Al-Arab fi Britaniya” nəşrinə istinadən verdiyi xəbərə görə, İngiltərə hökumətinin “İslamofobiya”nın rəsmi tərifini qəbul etməkdən geri çəkilməsi və bunun əvəzində “müsəlmanlara qarşı düşmənçilik” anlayışını tətbiq etməsi, ölkədə yaşayan müsəlmanlar arasında geniş narazılığa səbəb olub. Onlar bu addımı seçkilərdən əvvəl verilən vədlərin və öhdəliklərin pozulması kimi qiymətləndirirlər.
“Telegraph” və ITV News da daxil olmaqla İngilis qəzetlərində dərc olunan xəbərlərə əsasən, Leyborist hökumət tərəfindən yaradılmış və keçmiş Mühafizəkarlar partiyasının naziri Dominik Qrivin rəhbərlik etdiyi dövlət işçi qrupu “İslamofobiya” terminindən istifadə etməmək qərarına gəlib və onun əvəzinə, guya söz azadlığını qorumaq məqsədilə “müsəlmanlara qarşı düşmənçilik” ifadəsinə üstünlük verib.
Bu qəfil geri addım, müsəlmanlar, İslam təşkilatları və insan haqları qurumları arasında böyük qəzəbə səbəb olub. Fəallar hesab edirlər ki, hökumət uzun müddətdir “İslamofobiya”nın rəsmi tanınmasını “söz azadlığına təhdid” kimi görən ifrat sağçı və anti-müsəlman lobbilərinin təzyiqi qarşısında geri çəkilib.
Tənqidçilər bildirirlər ki, seçkilərdən əvvəl özünü İngiltərə müsəlmanlarının müttəfiqi kimi təqdim edən Leyborist hökumət, hakimiyyətə gəldikdən sonra tez bir zamanda bu vədlərindən dönüb və sosial ədalət, miqrasiya siyasəti və müsəlmanlara qarşı nifrətin rəsmi şəkildə tanınması kimi digər öhdəliklərdən də imtina edib.
Bu addım elə bir vaxtda atılıb ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, müsəlmanlara qarşı dini nifrət zəminində törədilən cinayətlər rekord səviyyəyə çatıb — bir il ərzində 3100-dən çox hadisə qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 20 faiz artım deməkdir. Bu durum, simvolik bəyanatlardan çox, real qoruma addımları gözləyən İngiltərə müsəlman icması arasında xəyanət hissini gücləndirib.
Fəallar hesab edirlər ki, “İslamofobiya” terminini “müsəlmanlara qarşı düşmənçilik”lə əvəzləmək təkcə dil dəyişikliyi deyil, həm də təhlükəli siyasi jestdir; bu dəyişiklik, mübarizəni məzmunsuzlaşdıraraq, “söz azadlığı” bəhanəsi altında İslama və müsəlmanlara qarşı təhriki davam etdirmək üçün bir örtük yaradır.
Onların fikrincə, bu hadisə göstərir ki, Leyborist hökumətin vədləri yalnız seçki qələbəsi üçün verilmişdi. Müsəlmanlar gündəlik olaraq nifrət və ayrı-seçkiliyə məruz qalır, hökumət isə problemin kökünə enmək əvəzinə, sadəcə terminləri dəyişməklə kifayətlənir.
4311881