“Qardian” qəzetinin məlumatına görə, Zəhran Məmdani Nyu-York meri seçkilərində qalib gəldikdən sonra şəhərin bütün sakinlərinə — ona səs verənlərə də, verməyənlərə də — təşəkkür edib və bildirib ki, bu etimada layiq olduğunu sübut edəcək.
Məmdani deyib ki, məqsədi Nyu-York şəhərini sakinlər üçün əvvəlkindən daha yaxşı bir yerə çevirməkdir.
O əlavə edib: “Biz seçkilərdə qalib gəldik, çünki israr etdik ki, siyasət artıq bizə bir şey diktə etməyəcək, əksinə, biz özümüz qərar verəcəyik.”
Seçilmiş mer vurğulayıb ki, onun əsas fəaliyyət istiqamətləri yaşayış xərcləri böhranı, avtobusların pulsuzlaşdırılması və uşaqlar üçün sığınacaq təminatı olacaq.
O qeyd edib: “Bundan sonra Nyu-York elə bir şəhər olmayacaq ki, bəziləri seçkilərdə qalib gəlmək üçün islamofobiyaya əl atsınlar.”
Məmdani vurğulayıb: “Əgər kimsə Donald Trampın xəyanət etdiyi millətə onun necə məğlub ediləcəyini göstərə bilərsə, o şəxs elə Trampın doğulduğu şəhərdə bunu edəcək.”
O deyib: “Biz Tramp kimi milyarderlərə vergidən yayınmağa və vergi güzəştlərindən sui-istifadə etməyə imkan verən korrupsiya mədəniyyətinə son qoyacağıq.”
Seçilmiş mer bəyan edib: “Mən müsəlmanam və demokrat sosialistəm, bu xüsusiyyətlərimdən heç biri ilə utanmıram.”
Məmdani çıxışı zamanı şəhərdə yaşayan müsəlmanlara və yəhudilərə də arxayınlıq verməyə çalışıb. O deyib: “Bilirəm ki, şəhərimizdə çoxlu müsəlman yaşayır və artıq islamdan qorxu olmayacaq. Biz şəhərimizdə islamofobiyanı kökündən aradan qaldıracağıq. Sizə söz verirəm ki, yəhudi əleyhdarlığı da olmayacaq.”
O, ABŞ prezidenti Donald Trampı hədəfə alaraq əlavə edib: “Tramp, sən bizə qarşı dura bilməzsən. Biz ədalətsiz vergilərlə mübarizə aparacaq, işçilər və miqrantlar üçün çalışacağıq. Nyu-York hamı üçün bir şəhər olacaq və bu gecədən etibarən miqrantları qovmayacağıq.”
ABŞ mediasının məlumatına görə, bu seçki Donald Tramp üçün böyük məğlubiyyət sayılır. Tramp açıq şəkildə Məmdaninin mövqelərini tənqid etmiş və onu kommunist adlandırmışdı.
Tramp hətta Nyu-York sakinlərini hədələyərək demişdi: “Əgər kommunist namizəd Zəhran Məmdani Nyu-York meri seçkilərində qalib gəlsə, çox güman ki, doğma şəhərimə federal büdcədən yalnız ən minimal və zəruri qədər vəsait ayıracağam. Mən prezident kimi pulların israf edilməsini istəmirəm.”
33 yaşlı Məmdani Demokratlar Partiyasının namizədi kimi seçkilərə qatılıb və 71 yaşlı respublikaçı Kertis Sliwa ilə 67 yaşlı müstəqil (Trampın dəstəklədiyi) Endryu Kuomonu məğlub edib.
O, dünən axşam Nyu-York meri seçkilərində qələbəsini Long Aylend şəhərində tərəfdarları arasında keçirilən toplantıda elan edib. Beləliklə, Məmdani bu şəhərin tarixində bu vəzifəyə seçilən ilk müsəlman olub. O, əslən hindistanlıdır və ABŞ-a köç etməzdən və 2018-ci ildə vətəndaşlıq əldə etməzdən əvvəl Uqandada anadan olub.
4314948