IQNA

ABŞ insan haqları təşkilatının İrlandiya müsəlmanları ilə həmrəyliyi

10:27 - November 15, 2025
Xəbər sayı: 3499210
İQNA - ABŞ-da müsəlmanların mülki hüquqlarını müdafiə edən bir təşkilat, İrlandiyanın Qalvey məscidinə qarşı bir sui-qəsdin qarşısı alındıqdan sonra bu ölkənin müsəlmanları ilə həmrəylik ifadə edib.

“İQNA”-nın Amerikan-İslam Əlaqələri Şurasının (CAIR) informasiya saytına istinadən verdiyi xəbərə görə, ABŞ-da müsəlmanların mülki hüquqlarını müdafiə edən bu təşkilat, İrlandiyanın qərbində yerləşən Qalvey (Galway) məscidinə qarşı bir sağçı qrupun planlaşdırdığı terrorçu sui-qəsdin qarşısı alınmasından sonra, ölkənin müsəlman icması ilə həmrəylik nümayiş etdirib.

Son günlərdə iki nəfər Qalvey məscidinə hücum etmək məqsədilə bir sağçı qrupun terror planında iştirak ittihamı ilə həbs olunub.

Vaşinqtonda fəaliyyət göstərən Amerikan-İslam Əlaqələri Şurası (CAIR) bəyanatında bildirib: “Biz İrlandiya müsəlman icması ilə və bu ölkədə nifrəti və zorakılığı rədd edən vicdan sahibi bütün insanlarla həmrəylik elan edirik. İbadətgahı hədəf alan bu narahatedici sui-qəsd, artmaqda olan islamofobiya təhdidinin daha bir xatırlatmasıdır. Biz İrlandiya rəsmilərini çağırırıq ki, bütün dini icmaların təhlükəsizliyini təmin etsinlər və bu kimi nifrət dolu hərəkətləri planlaşdıran və ya təbliğ edən hər kəsi cəzalandırsınlar.”

Həftənin əvvəlində CAIR Niderlandda bir məscidə qarşı zorakı təhdidlər və nifrət hadisələrindən sonra, həmin ölkənin müsəlman icması ilə də həmrəylik bildirmişdi.

Ötən həftə CAIR Fransanın Milli Assambleyasının sədri Yael Braun-Pive tərəfindən səsləndirilən, bu ölkənin parlamentinə baş çəkən başörtülü qadınları hədəf alan islamofob bəyanatları pisləmişdi.

Ötən ay Amerikan-İslam Əlaqələri Şurası İsveçrə hökumətinin məktəblərdə hicabın qadağan edilməsini rədd etməsini alqışlamışdı.

Amerikan-İslam Əlaqələri Şurası həmçinin Portuqaliya parlamentini hicabın qadağan edilməsini nəzərdə tutan islamofob qanun layihəsini rədd etməyə çağırmışdı.

Avqust ayında Şura Avstriyanın inteqrasiya naziri tərəfindən 14 yaşdan aşağı qızlara hicab qadağası təklifini “ayrı-seçkilikçi və zorakı” adlandıraraq pisləmişdi.

Bu ilin əvvəllərində Amerikan-İslam Əlaqələri Şurası Almaniyada bir müsəlman qadının qətlə yetirilməsi və İspaniyada miqrasiya əleyhinə iğtişaşlar zamanı bir məscidin yandırılması fonunda Avropada islamofobiyanın nəzarətdən çıxdığını bildirmişdi.

Şura Fransanın Şatyon-sur-Sen şəhərində bir müsəlman namazgahını yandırmaq cəhdini də pisləmişdi.

Fevral ayında isə Amerikan-İslam Əlaqələri Şurası fransalı qanunvericiləri idmanda dini geyimlərin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini rədd etməyə çağırmışdı.

4316674

captcha