“İQNA”-nin Fələstin Məlumat Mərkəzinə istinadən verdiyi xəbərə görə, ABŞ Xəzinədarlıq Nazirliyinin saytında dərc edilmiş bildirişə əsasən, Albanizin adı yenidən ABŞ sanksiya siyahısına əlavə edilib.
ABŞ bundan əvvəl, 2025-ci ilin iyulunda da Albanizi sanksiyalaşdırmışdı. Vaşinqton bu addımın səbəbini onun "Beynəlxalq Cinayət Məhkəməsini ABŞ və İsrail rəsmiləri və şirkətlərinə qarşı tədbirlər görməyə təşviq etmək cəhdləri" kimi qiymətləndirdiyi hərəkətlər olaraq izah etmişdi. Albanizin ABŞ-ın Qəzza zolağına dair siyasətləri barədə tənqidi çıxışları da bu sanksiyalar üçün irəli sürülən digər səbəblər arasında idi.
Həmin vaxt ABŞ dövlət katibi Marko Rubio da Albanizin sionist rejimin baş naziri Binyamin Netanyahu da daxil olmaqla, sionist rəsmilər barədə həbs orderi verilməsi tövsiyələrinə qarşı olduğunu bildirmişdi.
Albanizin adı bu ayın əvvəlində, ailəsinin hüquqi şikayətindən sonra ABŞ məhkəməsinin sanksiyaları müvəqqəti dayandırmaq barədə qərarından sonra sanksiya siyahısından çıxarılmışdı; lakin Vaşinqtondakı ABŞ Apellyasiya Məhkəməsi bu qərarın icrasını dayandırdı və bununla da ABŞ hökuməti onu yenidən sanksiya siyahısına sala bildi.
İtaliya vətəndaşı olan Albaniz 2022-ci ildən BMT-nin işğal olunmuş Fələstin torpaqlarında insan haqları vəziyyəti üzrə xüsusi məruzəçisi vəzifəsini icra edir. O, Sionist rejimin 7 oktyabr 2023-cü ildə Qəzza zolağına qarşı geniş müharibəyə başlamasından sonra bu rejimi Qəzzada soyqırım törətməkdə ittiham edib.
Bu BMT məruzəçisi Fələstin torpaqlarında Sionist rejimin siyasətlərinə qarşı açıq hesabatları və mövqeləri ilə tanınır; bu mövqelər geniş siyasi və diplomatik reaksiyalara səbəb olub.
Albaniz əvvəllər də BMT-nin İnsan Haqları Şurasına təqdim etdiyi hesabatların birində işgəncənin "İsrail"də dövlət siyasətinə çevrildiyini demişdi. O, həmçinin fələstinlilərin fasiləsiz fiziki və psixoloji iztirablar zəncirinə məruz qaldıqlarını vurğulamışdı.
4354815