“İQNA”nın “Ərəbi 21”ə istinadən verdiyi məlumata görə, 23 yaşadək İsrailin qılıncoynatma komandası ötən həftə Avropa çempionatında qızıl medal qazansa da, medal mərasimi diqqətəlayiq bir hadisə ilə müşayiət olunub: İsveçrə yığması dövlət himninin səsləndirilməsi və bayrağın qaldırılması zamanı sionist rejimin bayrağına salam verməkdən imtina edib və arxalarını çevirib.
İsrailin "İsrael Hayom" qəzeti yazıb ki, İsveçrə Qılıncoynatma Federasiyası ölkənin Olimpiya Komitəsinə finalda iştirak edən dörd qılıncoynadanı olimpiya siyahısından çıxarmağı və onların idman təqaüdlərindən məhrum etməyi tövsiyə etmək niyyətində olduğunu açıqlayıb.
Qəzet öz mənbələrinə istinadən yazıb: “İsveçrə millisinin iki əsas sponsoru İsveçrə idmançılarının bu hərəkətindən sonra komanda ilə müqavilələrini ləğv etmək qərarına gəliblər”.
Qəzet əlavə edib: “Medalvermə mərasimində və “Hatikvah” (sionist rejimin dövlət himni) çalınmazdan əvvəl İsrail və İtaliya qılıncoynadanları (bürünc medal sahibləri) bir-birinin bayraqları qarşısında dayanıblar. Bunun əksinə olaraq, isveçrəli qılıncoynadanlar dövlət himninin səsləndirilməsi zamanı arxalarını İsrail bayrağına çevirərək ona baxmaqdan imtina ediblər”.
Qəzet qeyd etdi: “Bu akt geniş şəkildə pisləndi və beynəlxalq medianın etirazına və dünyanın ən böyük xəbər agentliklərində işıqlandırmasına səbəb oldu”.
Mübahisələrə cavab olaraq İsveçrə millisi bəyanat yayaraq rəsmi üzrxahlıq edib və deyib: “Tallində keçirilən 23 yaşadək qılıncoynatanlar arasında Avropa çempionatında gümüş medal qazandıqdan sonra biz idman nailiyyətimizlə bağlı deyil, mərasimdəki davranışımızla bağlı mediada böyük əks-səda saldıq. Biz öz hərəkətlərimizə görə məsuliyyəti öz üzərimizə götürürük və mövqeyimizi aydınlaşdırmaq və təəssüfümüzü bildirmək istəyirik”.
Bəyanatda həmçinin deyilir: “Biz heç bir gərginlik olmadan finalda İsrail komandası ilə yarışdıq. Mərasimdən əvvəl və sonra onlarla əl sıxışdıq və çıxışlarını çox yüksək qiymətləndirdik. Mərasim zamanı İsrail himni səslənəndə bayrağa tərəf dönmədik. Bu, siyasi bəyanat və ya İsrailə qarşı etiraz ifadəsi deyildi, əksinə, hazırkı münaqişədə iştirak edən bütün tərəflərin çəkdiyi insan iztirablarına görə kədər və empatiya hissindən doğan şəxsi jest idi”.
4280287