“İQNA”-nın məlumatına görə, “Məən” agentliyinin xəbərinə əsasən, Həmasın bəyanatında qeyd olunub: “Bu cinayət, qardaş ölkə Qətərin suverenliyinə təcavüzdür. Qətər və Misir hazırda hücumların dayandırılması və Qəzzada atəşkəsə nail olunması, eləcə də əsirlərin mübadiləsi üçün mühüm və məsuliyyətli rol oynayırlar. Bu hücum bir daha işğalçıların cinayətkar mahiyyətini və razılaşmaya nail olmaq üçün hər cür fürsəti məhv etmək niyyətlərini üzə çıxarır”.
Fələstin hərəkatı vurğulayıb: “Düşmənin danışıqlar heyətinin üzvlərinə qarşı həyata keçirdiyi sui-qəsd cəhdi uğursuz olub, lakin bu hücumda bir neçə qardaşımız ali şəhadət məqamına ucalıb. Onların adları aşağıdakı kimidir:
Şəhid Cihad Ləbəd (Əbu Bilal) – Dr. Xəlil əl-Heyyənin ofisinin rəhbəri
Şəhid Həmmam əl-Heyyə (Əbu Yəhya) – Dr. Xəlil əl-Heyyənin oğlu
Şəhid Abdullah Abdulvahid (Əbu Xəlil) – müşayiətçi
Şəhid Mömin Həsunə (Əbu Ömər) – müşayiətçi
Şəhid Əhməd Məmluk (Əbu Malik) – müşayiətçi
Həmas həmçinin Qətərin daxili təhlükəsizlik qüvvələrinin əməkdaşı Bədr Səid Məhəmməd əl-Humeydinin şəhadətinə görə başsağlığı verib.
Hərəkat daha sonra əlavə edib: “Danışıqlar heyətinə hücum Trampın son təklifini müzakirə etdikləri bir vaxtda baş verdi. Bu isə heç bir şübhəyə yer qoymur ki, Netanyahunun və onun kabinetinin məqsədi razılaşmaya nail olmaq deyil, əksinə, qəsdən bütün imkanları puç etmək və beynəlxalq səyləri uğursuzluğa düçar etməkdir. Onlar nə müqavimətin əlində olan əsirlərinin həyatına, nə də ölkələrin suverenliyinə, bölgənin təhlükəsizliyi və sabitliyinə heç bir əhəmiyyət vermirlər.
4304339