IQNA

Müsəlman Alimləri Dünya Birliyi tələb etdi

Müsəlman ölkələri rəhbərlərinin İsraillə bütün əlaqələrin tam kəsilməsi üçün təcili toplantısı

7:59 - September 13, 2025
Xəbər sayı: 3498856
İQNA - Müsəlman Alimləri Dünya Birliyi yaydığı bəyanatda işğalçı israillilərlə bütün əlaqələrin kəsilməsi və birliyin qorunub gücləndirilməsi üçün müsəlman ölkələri rəhbərlərinin təcili toplantısının keçirilməsini tələb edib.

“İQNA”-nın Dohadan verdiyi xəbərə görə, sionist rejimin Qəzza zolağında törətdiyi soyqırım, işğalçıların bir sıra ərəb və müsəlman ölkələrini işğal etmək strategiyasının ifşası, həmçinin bu rejimin Suriya, Livan, İran və son vaxtlar Qətərə hücumlarından sonra Müsəlman Alimləri Dünya Birliyi bəyanat yayaraq ərəb və İslam ölkələrinin rəhbərlərini xalqlarını və ölkələrini qorumaq üçün əməli addımlar atmağa çağırıb.

Birlik bəyanatda düşmən sionistlərlə bütün siyasi, iqtisadi və diplomatik əlaqələrin tam kəsilməsinin zəruriliyini vurğulayıb və İslam ölkələri rəhbərlərini dərhal bir İslam toplantısı keçirməyə, ixlas və fədakarlıq əsasında səmimi və real birliyə nail olmağa dəvət edib.

Bəyanatda qeyd olunub ki, bu ümmətin bütün ixlaslı müdrikləri yekdilliklə hesab edirlər ki, ümmətimiz düşmənin təcavüzünün qarşısını almaq üçün hərtərəfli dirçəlişə və böyük gücə qadir ola bilər, şərt odur ki, həqiqi iradə, ixlas və fədakarlıq olsun. Çünki Uca Allah bizə buyurmuşdur ki, hərtərəfli gücü və İslamın strateji müdafiə gücünü təcavüz üçün deyil, təcavüzün qarşısını almaq üçün hazırlayaq, necə ki, Qurani-Kərimdə buyurulur:

﴿وَأَعِدُّوا لَهُم مَّا اسْتَطَعْتُم مِّن قُوَّةٍ وَمِن رِّبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللَّهِ وَعَدُوَّكُمْ وَآخَرِينَ مِن دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ اللَّهُ يَعْلَمُهُمْ ﴾

“Onlara qarşı bacardığınız qədər qüvvə və (döyüşə hazır) atlı dəstələr hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa tanımadığınız, lakin Allahın tanıdığı digər düşmənləri qorxudasınız...” (Ənfal surəsi, 60).

Birlik vurğulayıb ki, işğalçı sionistlərin hazırkı bütün addım və siyasətləri açıq şəkildə göstərir: “Bu rejim Fələstin xalqı üçün heç bir haqq tanımır və sionistlər Nil çayından Fərata qədər “Böyük İsrail” xülyasını gerçəkləşdirməkdə israrlıdırlar”.

Müsəlman Alimləri Dünya Birliyi bəyanatda əlavə edib: “Qanuni silahlı müqavimətin, xüsusilə Qəzzada, qorunub saxlanılması həm şəri bir vəzifə, həm də sionist layihəsinin genişlənməsinin qarşısını almaq üçün zərurətdir. Çünki Qəzza sərhəd xətti və qoruyucu səddir, ona görə də onu qorumaq lazımdır”.

Bəyanatda vurğulanıb: “Bu gün sionist işğalçılarla məsələ yalnız Məscidül-Əqsa, Qəzza, İordan çayı qərb sahili və Fələstin məsələsi deyil, məsələ müsəlman ölkələrinin varlığı və müstəqilliyidir. Deməli, ya azad və müstəqil qalacağıq, ya da – Allah eləməsin – sionist işğalçıların əsarəti altına düşəcəyik.

Müsəlman Alimləri Dünya Birliyi bəyanatının sonunda dünyanın bütün azad insanlarını, humanitar təşkilatları, beynəlxalq qurumları və Qəzzada genişmiqyaslı soyqırımın əleyhinə olan ölkələri çağırıb ki, işğalçı sionistlərin zülmünə və onların bəşəriyyətə qarşı cinayətlərinə qarşı birləşsinlər.

4304562

captcha