IQNA

Vəhbi İsmayıl Haqqı – Quran maarifinin albanca yayılmasının öncüllərindən

10:39 - November 17, 2025
Xəbər sayı: 3499226
İQNA - Vəhbi İsmayıl Haqqı, tanınmış albaniyalı yazıçı və mütəfəkkir olaraq, ərəb, ingilis və albanca qələmə aldığı çoxsaylı əsərləri ilə öz xalqına Quran və İslam mədəniyyətini tanıtmaqda mühüm rol oynamışdır.

“Muslimsaroundtheworld”-in verdiyi xəbərə görə, Albaniya Avropanın cənub-şərqində yerləşən müsəlman bir ölkədir və Yunanıstan, Serbiya və Şimali Makedoniya ilə həmsərhəddir. Onun paytaxtı Tiranadır və əhalinin 70 faizi müsəlmandır.

İslamın bu bölgəyə necə daxil olması barədə müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılara görə, Albaniyanın İslamla ilk tanışlığı Balkan bölgəsinin Osmanlı hakimiyyəti altına düşməsindən əvvəl, iranlı tacirlər vasitəsilə baş vermişdir. Bu tacirlər mallarını daşımaqla yanaşı, yerli xalqla sıx ünsiyyətdə olur, onları heç bir təzyiq və məcburiyyət olmadan İslam inancları ilə tanış edirdilər. Buna görə də xalq İslamı dözümlülük dini kimi tanıyaraq ona ürəkdən bağlanmışdır. Bu, ölkədə İslamın ilk görünüşü hesab olunur.

Başqa bir fikrə görə isə, albaniyalılar İslamla “Siciliyalı ərəblərin” fəaliyyəti vasitəsilə, xüsusən Albaniyanın “Leqa” bölgəsində tanış olmuşlar. Arxeoloji tapıntılar Siciliya ərəb-İslam mədəniyyətinin Osmanlılardan əsrlər əvvəl bu əraziyə nüfuz etdiyini göstərir. Həmin bölgədə hələ də ərəb mənşəli kənd adlarının qalması da müsəlman ərəblərin burada yaşadığını təsdiqləyir. Osmanlıların Balkanlara daxil olması ilə isə İslam sürətlə bütün ölkəyə yayıldı və insanlar kütləvi şəkildə bu dinə daxil oldular.

Bu ölkə tarix boyu İslam mədəniyyətinin ötürülməsi və yayılması sahəsində böyük xidmətləri olmuş görkəmli alimlər yetişdirmişdir. Bu məşhur alimlərdən biri də Vəhbi İsmayıl Haqidir.

Vəhbi İsmayıl Haqqı 1919-cu ildə Albaniyanın ən qədim şəhərlərindən biri olan, iki mindən artıq yaşı olan Şkodrada dünyaya gəlmişdir. Uzunmüddətli Osmanlı hakimiyyəti dövründə (1479–1912) Şkodra Albaniyanın şimalında İslamın yayılması ilə birlikdə İslam mədəniyyətinin mərkəzinə çevrilmişdi. Bu şəhərdə İslam elmləri və maarifi sahəsində bir çox görkəmli şəxsiyyətlər yetişmişdir.

Qurani-kərimin albanca tərcüməsi

Ərəb dilindən alban dilinə və əksinə tərcümə sahəsində zəngin təcrübə qazandıqdan sonra Vəhbi İsmayıl nəhayət Qurani-kərimi albanca tərcümə etmək kimi böyük bir çətinliyi öz üzərinə götürməyə qərar verdi. Albaniyadakı müsəlman alimlər — islamın albanlar arasında əsrlər boyu yayılmasına baxmayaraq — dünya İslam ölkələrində olduğu kimi əsasən Qurani-kərimi tərcümə etməkdən çəkinirdilər. Onlar hesab edirdilər ki, ən azı gündəlik namazlar üçün Qurani-kərimin ərəb dilində öyrənilməsi və oxunması zəruridir.

Lakin 1912-ci ildə Albaniyanın müstəqilliyinin elanından sonra, müsəlmanlarla xristianları birləşdirən və milli mədəniyyəti təşviq edən alban milli hərəkatının səyləri nəticəsində həmin hərəkatın liderlərindən biri — İ. Qəfzezi — Qurani-kərimi ingilis dilindən albancaya tərcümə etmək təşəbbüsünü irəli sürdü və onun birinci hissəsini 1921-ci ildə nəşr etdi. O, bu tərcüməni albanların (müsəlmanların) böyük əksəriyyəti üçün mədəni bir mənbə hesab edir, hamı tərəfindən tanınmalı olduğunu vurğulayırdı.

1950-ci ildə “Alban Müsəlmanlarının Həyatı” jurnalının üçüncü sayından başlayaraq Vəhbi İsmayıl Qurandan bəzi surələri (Fatihə, Bəqərə, Hücurat, Furqan və s.) dərc etməyə başladı və bu surələr oxucular tərəfindən müsbət qarşılandı. Bundan sonra o, Qurani-kərimi tam şəkildə tərcümə etmək qərarı verdi və bu işi həyata keçirdi. Tərcümənin çapı üçün maliyyə təmin etmək məqsədilə bir sıra ərəb ölkələrinə səfər etdi. Lakin həmin səfərdə tərcüməni yerləşdirdiyi çanta itdi. O, aylarla gözlədi ki, bəlkə tapılar, lakin tapılmadı.

Vəhbi İsmayıl Qurani-kərimi tərcümə etməyə marağı olan dostu Fəthi Mehdiuya (Fathi Mehdiu) dedi ki, yaşının çox olması səbəbilə yeni bir tərcümə hazırlamağa artıq gücü çatmır. Bu sözlər Mehdiuya uzun illərdir arzusunda olduğu işi tamamlamaq imkanı verdi. Mehdiu Yuqoslaviyanın kommunist dövründə Qurani-kərimi albanca tərcümə etməklə məşğul idi; halbuki kommunist Albaniyasında evdə Qurani-kərimin bir nüsxəsinin olması belə sahibinin həbs olunmasına səbəb olurdu. Nəhayət, 1985-ci ildə o, Qurani-kərimin albanca tərcüməsi kitabını Priştinada nəşr etdi və bu, ərəb dilindən albancaya edilən ilk tam tərcümə idi.

Vəhbi İsmayıl bu tərcümədən razı qalaraq onu ABŞ və Kanadada təbliğ etdi. O, həmçinin 1986-cı ildə İstanbulda keçirilən Qurani-kərim tərcümələri üzrə ilk beynəlxalq simpoziumda bu tərcüməni təqdim etdi.

4305152

captcha