“İQNA”-nın “əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, hücum zamanı britaniya vətəndaşı olduqları deyilən iki yəhudi bıçaq zərbələri ilə yaralanıb.
“Şomrim” təşkilatı X sosial şəbəkəsindəki hesabında yazıb: “Golders Green küçəsində qaçan bir kişi müşahidə olunub və onun yəhudi vətəndaşlara bıçaqla hücum etməyə cəhd etdiyi görünürdü.”
Məlumata əsasən, təşkilatın könüllü təhlükəsizlik qüvvələri dərhal müdaxilə edərək, polis hadisə yerinə çatmazdan əvvəl hücum edən şəxsi saxlayıblar.
Polis əməkdaşları isə hadisə yerinə gəldikdən sonra hücumçunu zərərsizləşdirmək üçün elektroşoker tətbiq ediblər.
Zərərçəkənlərin xəsarətlərinin ağırlığı barədə hələ dəqiq məlumat açıqlanmayıb, lakin Şomrim təşkilatı bildirib ki, tibbi yardım qüvvələri hadisə yerinə gələrək yaralıların müalicəsinə başlayıblar.
Hücum edənin motivi hələ rəsmi şəkildə elan edilməyib.
4349490