“İQNA”-nın məlumatına görə, İran İslam Respublikasının Moskvadakı səfiri Kazım Cəlali 30 aprel cümə axşamı günü Rusiya Federasiyası Müftilər Şurasının sədri Müfti Ravil Aynuddin Həzrətlə görüşərək, bu ölkənin Müftilər Şurasının Rəhbər Möhtərəmin şəhadəti münasibətilə göndərdiyi başsağlığı məktubuna cavab olaraq Ayətullah Seyyid Müctəba Xameneinin təşəkkür və təqdir mesajını ona çatdırıb.
Səfir Cəlali görüşdə Müfti Ravil Aynuddin Həzrətin mövqelərini və Rusiya müsəlmanlarının İran xalqı ilə həmrəyliyini yüksək qiymətləndirərək deyib:
“İran heç bir ölkəyə hücum etməyib, lakin ABŞ aldadıcı planla danışıqların ortasında iki dəfə ölkəmizə hücum etdi.”
O əlavə edib ki, Fars körfəzində təhlükəsizlik və sabitlik yerli ölkələr tərəfindən təmin olunmalıdır:
“İllər əvvəl şəhid Rəhbər İslam İnqilabı bütün Fars körfəzi ölkələrini təhlükəsizliyin bərqərar edilməsində yerli mexanizmlərə çağırmışdı. Ərəb ölkələri bizim dostlarımızdır; biz heç vaxt onlara hücum etmək niyyətində olmamışıq. Lakin onlar təhlükəsizliyi bölgədə bərqərar etmək əvəzinə onu ABŞ-a təhvil verməklə böyük səhv etdilər.”
Cəlali bildirib:
“İslam İnqilabı İranı yenidən İslam cəbhəsinə qaytardı. Ərəb ölkələri deməlidirlər ki, İranın günahı nədir ki, bu gün onların torpaqlarından İrana hücum edilir? İnqilabdan əvvəl şah rejimi sionist rejimi tanımışdı və onun səfirliyi Tehranda fəaliyyət göstərirdi. Bu gün isə İsraillə mübarizə apardığımız üçün böyük xərclər ödəyirik.”
İran səfiri vurğulayıb ki, sionist rejimin problemi yalnız İranla deyil, bölgədəki güclü İslam ölkələri ilədir:
“Əgər Qərb ölkələri üçün İran məsələsi həll olunsa – ki, olmayacaq – növbəti hədəf bölgənin digər İslam ölkələri olacaq. Bu fitnəyə qarşı mübarizə üçün Qurana qayıtmaq lazımdır: birlik və ‘Həblullah’a sarılmaq.”
Müfti Ravil Eynuddin Həzrət görüşdə Rəhbər Möhtərəmin Müftilər Şurasına diqqətinə və Rusiya müsəlmanları üçün etdiyi xeyir-duaya görə təşəkkür edərək bildirib:
“Rusiya müsəlmanları İran dövləti və xalqı ilə həmrəydir və İran xalqının səbatını və şücaətini qəlbən təqdir edirlər.”
O əlavə edib:
“Təcavüzkarlar İranı işğal etməklə xalqı hökumətə qarşı qaldırmaq istəyirdilər, lakin İran xalqı öz birliyi və həmrəyliyi ilə onların bütün şər planlarını puça çıxardı.”
Rusiya Federasiyası Müftilər Şurasının sədri sionist rejim və ABŞ-ın fitnəsinin məqsədini belə izah edib:
“Onların planı ərəb ölkələrini İranın qarşısında qoymaq və İslam ümməti arasında parçalanma yaratmaqdır. İran İslam Respublikası açıq və səmimi şəkildə beynəlxalq vasitələrlə Fars körfəzi ölkələrinə bildirdi ki, əgər ABŞ bazalarından İrana qarşı hücum olunsa, biz məcburən həmin bazalara cavab verəcəyik.”
Müfti Aynuddin Həzrət vurğulayıb:
“Hərbi bazalar təhlükəsizlik və sabitliyi təmin edə bilməz və ərəb ölkələri bunu artıq anlayıblar. Əgər müsəlmanlar həmrəylik və birliyə sahib olsalar, şeytanların cəbhəsi Qəzzə, Suriya, İran və Livana qarşı təcavüzü heç vaxt təkrarlaya bilməz.”
4349665