Beynəlxalq şöbə: Azərbaycanın “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin Qadınlarla iş üzrə sektoru Qurban bayramı münasibətilə qadınlar üçün “Fədakarlıq bayramı” adlı tədbir hazırlayıb. Tədbir müqəddəs Kitabımız Qurani-Kərimin oxunuşu ilə başlayıb. Bayram tədbirini Birliyin Qadınlarla iş üzrə sektorunun koordinatoru Zülfiyyə Səfərova açaraq xanımları təbrik edib.
İQNA Quran agentliyi salaminfo.az saytına istinadən məlumat verir ki, tədbirdə daha sonra “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin qadınlar arasında keçirdiyi “12 sual-12 cavab” müsabiqəsinin qalibləri elan edilərək mükafatlandırılıb. Mükafatlandırma mərasimindən sonra çıxış üçün söz “Mənəvi Saflıq” jurnalının şef-redaktoru Könül İsmayılqızına verilib. Şef-redaktor öz çıxışında Qurban bayramının bir sıra mənəvi-əxlaqi xüsusiyyətlərini qeyd edərək qurbanlığın mahiyyətini açıqlayıb.
Çıxışdan sonra Birliyin xanımları tərəfindən hazırlanmış “Rəbbimlə söhbətim” adlı slayd nümayiş olunub. Tədbirdə Azərbaycanda ilk dəfə olaraq hicablı xanımlar üçün modelyer-stilist Mehrinin təqdimatında moda nümayiş etdirilib. Moda nümayişində örtülü xanımlar üçün bir-birindən gözəl hicab modelləri təqdim olunub. Bundan əlavə, tədbirdə müxtəlif intellektual-əyləncəli oyunlar, dini mövzulu viktorinalar keçirildi. Sonda tədbir dua oxunuşu ilə sona çatıb.