IQNA

Türkiyədə Azərbaycanlı zəvvarların avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 29 nəfər yaralanıb

22:38 - November 23, 2010
Xəbər sayı: 2036965
Beynəlxalq şöbə: Çərşənbə axşamı Türkiyədə Azərbaycan zəvvarlarını aparan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 29nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
İQNA Quran agentliyinin Trend informasiya agentliyinə istinadən məlumat verir ki, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan zəvvarlarının adlarını Trend-ə açıqlayıb.
Onlar Əhmədov Səməd Nadir oğlu (1982-ci il təvvəllüdlü)
Əlicanova Hacıxanım Əliağa qızı (1944-cü il)
Baxşəliyeva Solmaz Abuzər qızı (1941-ci il)
Dadaşova Zemfira Qəmbər qızı (1965-ci il) və
Kərimov Məhərrəm Balababa oğludur (1938-ci il).
Dadaşovanın sözlərinə görə, ölənlərin sayının artacağı istisna deyil. O bildirib ki, QMİ sədri şeyxülislam Allahşükür Paşazadənin tapşırığı ilə İdarənin nümayəndəsi hadisənin baş verdiyi yerə - Sivasa yollanır.
"Ölənlərin meyitlərinin təyyarə vasitəsilə tez bir zamanda Azərbaycana gətirilməsi üçün müvafiq işlər həyata keçirilir", - QMİ rəsmisi deyib.
Çərşənbə axşamı Türkiyədə Azərbaycan zəvvarlarını aparan avtobusun qəzaya uğraması nəticəsində beş nəfər həlak olub, yeddisi ağır olmaqla 29 nəfər yaralanıb. Bu barədə Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Elsevər Salmanov bildirib.
Səfirliyin məlumatına görə, qəza yerli vaxtilə saat 17:50 radələrində Türkiyənin Sivas şəhərinin Şarikişlan bölgəsində təktərəfli yolda baş verib. 90-DS-393 dövlət nömrə nişanlı avtobus cəmi 34 sərnişini daşıyırdı.
"Qəzanın yerində araşdırılması və vətəndaşlarımıza müvafiq yardımın göstərilməsi məqsədilə Səfilriyimizn Konsulu Şöhrət Mustafayev artıq Sivas şəhərinə ezam olunmuşdur", deyə Salmanov bildirib.
Daha sonra Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov da hadisə yerinə yola düşüb.
Türkiyədəki polis mənbələrindən əldə edilən məlumata görə, qəzaya səbəb avtobus sürücüsünün döngələrin birində idarəetməni itirməsi olub. Nəticədə avtobus su arxına düşüb. Qəza yerinə təcili yardım, polis, jandarm və mülki müdafiə maşınları göndərilib. Zərərçəkənlərin təxliyyəsi üzrə işlərdə yerli sakinlər iştirak edirlər.
Bu il Həcc ziyarətinə gedən 4 azərbaycanlı zəvvar vəfat edib. Həccə gedənlərdən Duha Məmmədova Məkkədə, Xanbala Atakişiyev isə Suriyanın Şam şəhərində vəfat ediblər. 68 yaşlı Mafi Nəzərov Həccdən qayıdarkən Suriyada dünyasını dəyişib. Bazar ertəsi Məkkədən qayıdan Şamaxı rayonunun axundu Mustafa Məmişov isə Bakıdan Şamaxıya gedərkən qəzaya düşüb və aldığı xəsarətdən ölüb.
Builki Həcc ziyarətində 2000 azərbaycanlı zəvvar iştirak edib.


captcha