İQNA-nın (İran Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah Xaməneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamənei minlərlə tələbə və şagirdlə oktyabr ayının 31-də baş tutan görüşündə İran xalqının imperialist Amerika dövlətinə qarşı 60 ildir davam edən irimiqyaslı mübarizəsinin müxtəlif mərhələləri, Amerikanın İslam dövlətinin heyrətamiz maddi-mənəvi uğurları qarşısında silsilə məğlubiyyətləri, siyasi, iqtisadi, hərbi və ideoloji statusunun enməsi haqda ətraflı danışaraq qeyd etdi ki, müqavimət ruhunun və gözüaçıqlığın qorunub saxlanması, Allaha təvəkkül, davamlı şəkildə çalışıb səy göstərmək, rəsmilər arasında birlik və həmrəylik bu ardıcıl mübarizədən alınan ibrət dərsləridir.
O vurğuladı: “Rəsmilər, xüsusilə də hakimiyyətin üç qolunun başçıları öhdələrinə düşən vəzifələri dərk edərək, həmçinin hazırkı şəraitin həssaslığını lazımınca dəyərləndirərək aralarındakı ixtilafların bu və ya digər formada xalq arasına daşınmasından çəkinməli və bilməlidirlər ki, bu gündən seçki gününə qədər xalqın emosiyalarından ixtilaflar üçün istifadə etmək istəyən hər kəs ölkəyə xəyanət etmiş olur”.
13 aban tarixi – ölkədə qeyd olunan Şagird Günü və Dünya İmperializminə Qarşı Milli Mübarizə Günü ərəfəsində baş tutan görüş zamanı Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu gün baş vermiş hadisələrin hər üçündə – yəni 1343-cü ildə (1964) İmam Xomeyninin (r.ə) sürgün olunmasında, 1357-ci ildə (1978) şagirdlərin Pəhləvi rejiminin muzdurlarının əli ilə qətlə yetirilməsində və 1358-ci ildə (1979) casus yuvasının ələ keçirilməsində hadisələrin bir tərəfində İran xalqı və dahi İmam Xomeyni (r.ə), digər tərəfində isə imperialist Amerika dövləti yer alır. Bu, İran xalqı ilə Amerika arasında mübarizənin getdiyini göstərir.
Bu mübarizə 1332-ci ildən (1953) – Amerikanın əli ilə törədilmiş 28 mordad qiyamından başlayıb”.
Ali Məqamlı Rəhbər imperialist Amerikanın 28 mordad qiyamının başlamasında və Dr. Müsəddiq hökumətinin devrilməsində birbaşa rol oynadığına toxunaraq dedi: “Həmin olayda amerikalılar öz imperialist mənafeləri naminə onlarla heç bir düşmənçiliyi olmayan, hətta onlara etimad göstərmiş Müsəddiq hökumətini İngiltərə ilə müştərək surətdə cızılmış plan əsasında devirdilər və Məhəmmədrza Pəhləvi rejimini ölkədə hakimiyyət başına gətirdilər”.
“1342-ci il (1963) 15 xordad günü baş verən qiyam Amerikanın himayəsi altında olan hökumətin 10 il ərzində xalqa göstərdiyi boğucu təzyiqlərin nəticəsi idi” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Nəhayət, amerikalılar işə müdaxilə etdilər və hakim rejim onların göstərişi ilə 1343-cü ildə İmam Xomeynini (r.ə) sürgünə göndərdi. Bununla zahirdə xalqı məğlub etsə də, bu, gerçək qələbə deyildi”.
Həzrət Ayətullah Xamenei 1343-cü (1964) ildən sonra ölkədə əvvəllər heç bir zaman rast gəlinməmiş repressiya və təzyiqlərin hökm sürdüyünü, Amerikanın İran xalqının sərvətlərini amansızlıqla çapıb-taladığını qeyd edərək vurğuladı: “Nəhayət, İmam Xomeyninin (r.ə) liderliyi ilə xalqın əzəmətli hərəkatı başlandı və İran xalqı mübarizliyi, fədakarlığı, canından vaz keçməsi sayəsində 1357-ci ildə İslam İnqilabını qələbəyə çatdıra, Amerikaya söykənən rejimi devirə bildi”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerikalılar İslam İnqilabının qələbəsinin ilk illərindən etibarən İslam dövlətinin əleyhinə çıxmağa, işlərə pəl vurmağa başladılar. Bütün bu məkrli planların ocağı isə Amerikanın Tehrandakı keçmiş səfirliyi – o casus yuvası idi”.
Ali Məqamlı Rəhbər İran xalqının mübarizəsində ən görkəmli təbəqə olan tələbələrin 1358-ci ilin aban ayında həmin casus yuvasını ələ keçirməsini Amerika üçün daha bir məğlubiyyət kimi dəyərləndirərək dedi: “Həmin dövrdən bu günə qədər Amerikanın silsilə məğlubiyyətləri davam edir”.
“60 ildir davam edən bu mübarizədən kimin qalib çıxacağı son dərəcə mühümdür. Çünki bu meydanda imanlı, qətiyyətli, Allaha təvəkkül edən bir xalq qalib çıxsa, sözsüz ki, o bütün xalqlar üçün örnəyə çevriləcək və İslam prinsiplərinə əsaslanacaq tarix üçün yeni bir fəlsəfə yaradacaq”.
“Amerika ilə mübarizə meydanında qalib İran xalqıdır” – deyən Ali Məqamlı Rəhbər fikrini sübut edən dəlilləri şərh etməyə başladı.
“Birinci dəlil odur ki, bu 34 ildə İran İslam İnqilabı nəinki aradan getmədi, əksinə, daha da güclü, möhkəm, əzəmətli və parlaq oldu”.
O vurğuladı: “İslam dövlətinin gücünü və möhkəmliyini, İslam İnqilabının canlılığını göstərən nişanələrdən biri də İslam İnqilabını, Müqəddəs Müdafiəni, İmam Xomeynini görməmiş, lakin müxtəlif əmək, elm və texnologiya sferalarında eynilə inqilabı meydana gətirmiş gənclərin stimul, əzm və imanı ilə fəal iştirak edən hazırkı gənc nəsildir”.
Ali Məqamlı Rəhbər bildirdi ki, İran xalqının və İmam Xomeyni şəxsiyyətinin xalqlar arasında günü-gündən daha artıq nüfuz və əzəmət qazanması, İran xalqının dünyada polad kimi möhkəm, mübariz və gözüaçıq bir xalq kimi tanınması İslam dövlətinin möhkəmləndiyini göstərən daha bir nişanədir. O dedi: “Digər nişanələr isə ölkəmizin qazandığı elmi və quruculuq nailiyyətləri, xalqımızın gözüaçıqlığı, məlumatlılığının və təsir gücünün artması, dünya və regiondakı problemlərə yeni yanaşmasıdır”.
“Maddi inkişafla yanaşı müşahidə olunan mənəvi inkişaf İslam İnqilabının canlı olmasının daha bir əlamətidir”.
“İranda ən yaxşı xalq hakimiyyəti modellərindən birinin formalaşması, seçkilərdə əhalinin genişmiqyaslı iştirakı İran xalqının ötən 34 ildə hərtərəfli inkişaf etdiyini göstərən digər amillərdir”.
O vurğuladı: “Bu, həmin inqilabdır ki, amerikalılar onun bir neçə aya məğlubiyyətə uğrayıb məhv olacağını vəd verirdilər. Hazırda isə o, dünya və regionda belə yüksək mövqeyə malikdir”.
Daha sonra Ali Məqamlı Rəhbər İran xalqının qalibiyyətini Amerikanın nüfuz və mövqeyinə nəzərən isbat etməyə başlayaraq vurğuladı: “Amerikanın ötən 30 il ərzində dünyadakı nüfuz və iqtidarı baxımından 30 pillədən də artıq gerilədiyinə heç kəsin şübhəsi yoxdur. Hətta amerikalılar özləri də bu reallığı etiraf edirlər”.
Bu gün dünyada heç bir dövlətin Amerika qədər mənfur simaya malik olmadığını vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Region ölkələri və başqa ölkələr cürət edib ilin bir gününü Amerikaya nifrət günü elan edə bilsələr, dünyada tarixin ən böyük yürüşü baş tutar”.
1129888