IQNA

Sionist rejimin “Səmud Donanması”na hücumları 10 ölkə tərəfindən pisləndi

14:08 - May 20, 2026
Xəbər sayı: 3500376
İQNA – Türkiyə, İspaniya və Braziliya da daxil olmaqla dünyanın 10 ölkəsi birgə bəyanat yayaraq Qəzza mühasirəsini yarmaq məqsədilə yola çıxmış “Beynəlxalq Səmud Donanması”nın mülki gəmilərinə İsrail ordusunun təkrar hücumlarını sərt şəkildə pisləyib.

 

“İQNA”-nın “TRT”-yə istinadən verdiyi xəbərə görə, Türkiyə, Banqladeş, Braziliya, İndoneziya, İspaniya, Kolumbiya, Liviya, Maldiv, Pakistan və İordaniya ən sərt ifadələrlə İsrailin Səmud Donanmasına qarşı təkrarlanan hücumlarını pisləyiblər. Bu hücumlar beynəlxalq sularda onlarla qayığın ələ keçirilməsinə və təxminən 100 sülh və insan haqları fəalının həbsinə səbəb olub.

Bu ölkələrin xarici işlər nazirləri birgə bəyanatda bildiriblər: “Biz dərin narahatlıqla İsrailin beynəlxalq sularda humanitar donanmalara qarşı əvvəlki müdaxilələrini xatırladır və mülki gəmilərə, humanitar yardım fəallarına qarşı davam edən düşmənçilik addımlarını pisləyirik.”

Bəyanatda vurğulanıb ki, gəmilərə hücum, sülh fəallarına qarşı zorakılıq və onların özbaşına həbsi beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır.

Nazirlər donanmada olan mülki şəxslərin sağlamlığı və təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq ifadə edərək, bütün saxlanılan fəalların dərhal azad edilməsini və onların hüquq və ləyaqətinə tam hörmət göstərilməsini tələb ediblər.

Bəyanatda qeyd olunub ki, sülhpərvər və humanitar təşəbbüslərə qarşı təkrarlanan hücumlar beynəlxalq hüquqa və dəniz azadlığına davamlı şəkildə etinasızlıq göstərir.

Bəyanatı imzalayan ölkələr beynəlxalq ictimaiyyəti hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə, mülki şəxslərin və humanitar heyətlərin qorunmasını təmin etməyə və cinayətkarların cəzasız qalmasına son qoymaq üçün konkret addımlar atmağa çağırıblar.

Bəyanatın başqa bir hissəsində deyilir:  “Sumud Donanması tamamilə mülki və sülhpərvər bir təşəbbüsdür və məqsədi dünya ictimaiyyətinin diqqətini Fələstin xalqının yaşadığı humanitar fəlakətə yönəltməkdir.”

4353091

captcha