IQNA

Əhli-beyt (ə) əsirlərinin Ərbəin günü Kərbəlaya gəlişi və fərqli fikirlər-5

21:22 - October 06, 2020
Xəbər sayı: 3488307
“İmam Səccad (ə) Əhli-beytlə (ə) birgə şəhidlərin başlarını götürüb çıxdılar və mübarək başları Kərbəlaya qaytardılar (və orada torpağa tapşırdılar).” (“Əmali”, Şeyx Səduq, məclis 31, s.168, hədis 4.)

Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişi və ikinci dəlil

İkinci dəlil: Şəhidlərin başlarının bədənlərinə qovuşdurulması

Bəzi nəzər sahibləri Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya girişinə aydınlıq gətirməsələr də, qeydlərinin nəticəsi budur: “İmam Səccad (ə) İmam Hüseynin (ə) mübarək başını Kərbəlaya gətirdi və atasının bədəninə qovuşdurdu.” Yaxud belə yazırlar: “Mübarək baş Kərbəlaya qaytarıldı, hərçənd ki, İmam Səccadın (ə) adı orada qeyd edilmir.” İmam Səccadın (ə) Kərbəlaya gəlişinin və onun tərəfindən mübarək başların bədənlərinə qovuşdurulmasının yalnız Ərbəinə təsadüf etməsi fikrini də bu nəzərə əlavə etsək, onların Kərbəlaya gəlişi və başları bədənlərinə qovuşdurmasının Səfər ayının 20-də olması qənaətinə gəlmək olar. Bu mətləbin bir hissəsi öncədən şəhidlərin başlarının dəfni mövzusunda qeyd edildi. Burada bir daha təkrar edir və əlavə fərqli nəzərlərdən bir neçəsini nəzərinizə çatdırırıq:
a) Şeyx Səduq (vəfatı: 381 h.q.) yazır: “İmam Səccad (ə) Əhli-beytlə (ə) birgə şəhidlərin başlarını götürüb (Dəməşqdən) çıxdılar və mübarək başları Kərbəlaya qaytardılar (və orada torpağa tapşırdılar).” (“Əmali”, Şeyx Səduq, məclis 31, səh.168, hədis 4.)
b) Fəttal Nişaburi (vəfatı: 508 h.q.) də yazır:

خَرَجَ عَليُّ بْنُ الْحُسَيْنِ عليه السلام بِالنِّسْوَةِ وَرَدَّ رَأْسَ الْحُسَيْنِ إِلى‌ كَرْبَلاءَ

“İmam Əli ibn Hüseyn (ə) xanımlarla birgə (Şamdan) çıxdı və İmam Hüseynin (ə) mübarək başını Kərbəlaya qaytardı.” (“Rəvzətul-vaizin”, səh.192.)
c) İbn Şəhr Aşub (vəfatı: 588 h.q.) da “Mənaqib” kitabında İmam Hüseynin (ə) mübarək başının bədəninə qovuşdurulmasını qeyd etmişdi. (“Mənaqib”, İbn Şəhr Aşub, c.4, səh.85.)
d) Böyük əhli-sünnə alimi Sibt ibn Covzi (vəfatı: 654 h.q.) də yazır:

أَلْأَشْهَرُ أَنَّهُ رُدَّ إلى‌ كَرْبِلاءَ فَدُفِنَ مَعَ الْجَسَدِ

“Daha məşhur nəzər, o Həzrətin mübarək başının Kərbəlaya gətirilməsi və pak bədəninin kənarında dəfn edilməsidir.” (“Təzkirətul-xəvass”, səh.150.)
f) Əllamə Məclisi də belə yazır: “İmamiyyə alimləri arasında məşhur nəzər, İmam Hüseynin (ə) mübarək başının şərafətli bədəni kənarında dəfn edilməsidir və bu iş İmam Əli ibn Hüseyn (ə) tərəfindən baş vermişdir.” (“Biharul-ənvar”, c.45, səh.145.)
h) Böyük əhli-sünnə alimi Şəblənci də yazır: “İmamiyyə (on iki imamçı şiə) məzhəbi İmam Hüseynin şəhadətindən qırx gün sonra o Həzrətin mübarək başının Kərbəlada bədəninə qovuşdurulduğuna inanır.” (“Nurul-əbsar”, c.2, səh.44.)
Deməli, şəhidlərin başlarının İmam Səccad (ə) tərəfindən Kərbəlaya qaytarılıb pak bədənləri kənarında basdırılmasını, digər tərəfdən, o Həzrətin Mədinəyə qayıtdıqdan sonra başları Kərbəlaya gətirməsi və ya karvanı Mədinəyə göndərib özü tənha Kərbəlaya gəlməsinin nəql edilmədiyini nəzərə alsaq, İmam Səccadın (ə) bacıları, bibiləri və Aşura hadisəsindən digər sağ qalanlarla Kərbəlaya gəlməsi qənaətinə gəlmək olar. (Necə ki, Şeyx Səduq və Fəttal Nişaburi aydınlıq gətirmişdir.) Şəhidlərin başlarını dəfn etməklə bərabər, bir daha Kərbəla şəhidlərini andılar. Bu nəqllərin bəzilərində o günün Səfər ayının 20-inə və ya Cabir ibn Abdullah Ənsarinin Kərbəlaya gəlişinə təsadüf etdiyi qeyd edilməsə də, digər nəqllərdə (Əbu Reyhan Biruninin sözü kimi) bu açıq-aşkar bildirilmişdir. Başların Kərbəlaya aparılmasını bildirən nəqllər də başqa bir tarix göstərməmişlər. Odur ki, Əhli-beytin (ə) Kərbəlaya gəlişinin Səfər ayının 20-nə təsadüf etdiyinə inananların sözlərini nəzərə alsaq, başların bədənlərə qovuşdurulmasının İmam Səccad (ə) və karvandakı digər şəxslər tərəfindən həmin gündə baş verməsi qənaətinə gəlmək olar. (“Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.629-630.)
 
Maide.az – Maarif bölümü
captcha