IQNA

22:02 - December 19, 2020
Xəbər sayı: 3488881
Həzrət Zeynəbi-Kübranın (s.ə) Aşura faciəsindən sonra Kufədə, həmçinin Şamda – Yezidin sarayında Quran ayələrinə istinad etdiyi xütbələri o xanımın elminin göstəricisidir.
Həzrət Zeynəbi-Kübra (s.ə) İmam Əli (ə) ilə Xanım Fatimeyi-Zəhranın (s.ə) üçüncü övladıdır və 5-ci (yaxud 6-cı) hicri-qəməri ilinin Cəmadiul-əvvəl ayının 5-də Mədinədə dünyaya göz açır, beş yaşında ikən, babası Peyğəmbəri-Əkrəm (s) əbədiyyətə qovuşur.
Anası Xanım Fatimeyi-Zəhra (s.ə.) da bu dünyada Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra 75 və yaxud 95 gündən çox yaşamır.
35 yaşında ikən atası İmam Əli (ə), 45 yaşında isə böyük qardaşı İmam Həsən (ə) şəhadətə yetirlər. İmam Həsənin (ə) şəhadətindən sonra 10 il qardaşı İmam Hüseynin (ə) kənarında həyatın ağrı-acılı hadisələrinin şahidi olur.
O, Kərbəla faciəsində altı qardaş (İmam Hüseyn (ə), Əbülfəzl-Abbas (ə), Cəfər, Osman, Abdullah (Ümmül-Bəninin oğulları) və Ovn (Əsmanın oğlu) dağı gördü. Gözünün iki nuru – Ovn və Məhəmməd adlı iki yeniyetmə oğlu Kərbəlada şəhid oldu.
Bunlardan əlavə, Əliəkbər, Qasim və Abdullah kimi qardaşı uşaqlarının da dağına dözdü. Kərbəla faciəsindən sonra Həzrət Zeynəbi-Kübra (s.ə) Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, oradan da Şam şəhərinə aparıldı. Bütün bu müsibətlərə görə o xanım “Müsibətlər anası” adlandırılmışdır.
 
Bütün bu müsibətlər müqabilində əgər dağ olsaydı əriyərdi. Amma tarixin bu dilavər carçısı, bu yorulmaz qəhrəmanı elə bir müqavimət göstərdi ki, onu söz və qələmlə təcəssüm etmək mümkünsüzdür. O, qardaşı Hüseynin (ə) qanlı bədənini gördükdə, belə dedi: “İlahi, bu kiçik qurbanı bizdən qəbul et.”
 
Maraqlısı budur ki, İmam Səccadın (ə) buyurduğuna əsasən, bütün bu çətinliklərdə o, gecə namazını tərk etmədi. İmam Səccad (ə) buyurur: “Bibim Zeynəb (s.ə) Kərbəla hadisəsində o qədər çətinliklərlə belə Aşura gecəsi və Məhərrəm ayının 11-ci gününün gecəsi “gecə namazı”nı tərk etmədi. İmam Hüseyn (ə) Xanım Zeynəbin (s.ə) ixlas və bəndəçiliyinə o qədər etiqadlı idi ki, Aşura günü vidalaşan zaman ona xitabən buyurdu:
 
يَا اُختَاه‏، لَا تَنسِينِی فِي نَافِلَة الَّليل
 
“Ey mənim bacım, gecə namazında məni unutma!” (“Rəyahinuş-şəriət”, c.3, səh.61-62.)
 
Həzrət Zeynəbi-Kübranın (s.ə) Aşura faciəsindən sonra Kufədə, həmçinin Şamda – Yezidin sarayında Quran ayələrinə istinad etdiyi xütbələri o xanımın elminin göstəricisidir. O, atası İmam Əmirəlmöminin Əlinin (ə) zamanında Kufədə qadınların müəllimi idi və onlara Quran təfsiri deyirdi.
 
“Zeynəb” sözünün iki lüğəvi mənası vardır:
 
1. Mənzərəli ağac;
 
2. Atanın zinəti.
 
Müxtəlif rəvayətlərə əsasən, Həzrət Zeynəbi-Kübranın (s.ə) adı Peyğəmbəri-Əkrəm (s) tərəfindən verilir. Nəql olunur ki, Zeynəb adını vəhy mələyi Cəbrail-Əmin Allah tərəfindən Peyğəmbəri-Əkrəmə (s) təlim verir. O Həzrət qundağı qucağına alıb körpəni öpərək buyurur: “Ümmətimə tövsiyə edirəm ki, bu qıza hörmət etsin. Çünki, o, Xədiceyi-Kubraya bənzəyir.” ((“Əl-xəsaisətuz-Zeynəbiyyə”, Seyid Nurəddin Cəzairi, səh.55.)
 
Yəni Xanım Xədiceyi-Kübranın (s.ə) İslamda fədakarlıqları kimi, Xanım Zeynəbi-Kübranın (s.ə) da İslam yolunda səbri, bəsirəti, şücaəti və mübarizəsi bu dinin əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.
 
Həzrət Zeynəbi-Kübra (s.ə) üçün bir neçə ləqəb nəql olunmuşdur: Bəni-Haşimin Əqiləsi (ağıllısı), Alimə, Arifə, Müvəssəqə (etimadlı, etibarlı), Fazilə (fəzilətli), Kamilə, Ali-Əlinin Abidəsi, Məsumeyi-Süğra (kiçik Məsumə), Naibətüz-Zəhra (Zəhranın nümayəndəsi), Naibətül-Hüseyn (Hüseynin nümayəndəsi), Şərikətül-Hüseyn (Hüseynin şəriki), Əqilətün-Nisa (qadınların ağıllısı), Şərikətüş-Şühəda (şəhidlərin şəriki), Bəliğə (bəlağətli, natiq), Fəsihə (fəsahətli).
 
Həzrət Zeynəbi-Kübra (s.ə) Cəfər Təyyarın oğlu Abdullah ilə ailə həyatı qurur və bu evlilikdən dörd oğul və bir qız dünyaya gəlir: Əli, Ovn, Abbas, Məhəmməd və Ümmü-Gülsüm. Ovn ilə Məhəmməd Kərbəla faciəsində şəhadətə yetirlər.
 
Qeyd etmək lazımdır ki, Həzrət Zeynəbi-Kübranın (s.ə) qardaşı İmam Hüseynə (ə) məhəbbəti hədsiz olduğundan, ailə həyatı qurmaq istədiyi zaman elçiliyinə gələn əmisi oğlu Abdullahla şərt kəsir ki, hər zaman İmam Hüseyn (ə) səfərə getmək istəsə, qardaşımla birlikdə səfərə çıxmağıma mane olmasın. (“Əl-xəsaisətuz-Zeynəbiyyə”, Seyid Nurəddin Cəzairi, səh.44.)
Həzrət Zeynəbi-Kübra (s.ə) Kərbəla faciəsindən bir il neçə ay sonra, 62-ci hicri-qəməri ilinin Rəcəb ayının 15-i, bazar günü Şamda (Suriya), təqribən, 57 yaşında ikən əbədiyyətə qovuşdu. (“Zeynəbul-Kubra minəl-məhdi iləl-ləhd”, səh.591.)
 
Maide.az – Maarif bölümü
Ad:
E-poçt:
* Comment:
* captcha: