IQNA

İnsanşünaslıqla tərbiyə nəzəriyyəsi arasında dərin əlaqə

23:51 - August 29, 2022
Xəbər sayı: 3492825
İnsanşünaslıq və tərbiyə anlayışı bir-biri ilə əlaqəlidir. Tərbiyə məsələsini hər hansı bir baxımdan aydınlaşdırmaq üçün ilk addım o perspektivdə insanın imicini müəyyənləşdirməkdən ibarətdir ki, hansı tərbiyə məfhumunun həmin baxış bucağı ilə uyğun gəldiyini görək.

Tehran Universitetinin ustadı Xosrov Baqiri Quran və humanitar elmlərin silsilə toplantılarından “Quran və tərbiyə” adlı toplantıda insanşünaslıqla tərbiyə nəzəriyyəsi arasındakı əlaqəyə dair bəzi məqamları ifadə edib ki, onu aşağıda oxuya bilərsiniz:

Biz tərbiyəyə hansı tərif veririksə, insan obrazını təqdim etməliyik. İnsanın hansı obrazını çəksək də, müəyyən bir tərbiyə anlayışına uyğun olacaq. Belə deyil ki, insanşünaslıq ayrı və tərbiyə məfhumu ayrı olsun. Həqiqətdə, bunlar bir-biri ilə əlaqəlidir. Tərbiyə məsələsini hər hansı bir baxımdan aydınlaşdırmaq üçün ilk addım o perspektivdə insanın imicini müəyyənləşdirməkdən ibarətdir ki, hansı tərbiyə məfhumunun həmin baxış bucağı ilə uyğun gəldiyini görək.

Əgər tərbiyənin düzəltməkdən ibarət olduğunu desək, biz “düzəltmək” anlayışını tərbiyənin mahiyyəti kimi qəbul etmişik. Bu, insan haqqında təsəvvürü nəzərdə tutur ki, sanki insan bizim nəsə düzəldə biləcəyimiz xammaldır. Digər tərəfdən, insan öz daxilində müəyyən istedadlara malik bir varlıqdır desək, o, müəyyən bir şeyə çevrilməyə hazır olan bir toxum kimidir. Bu antropoloji obraz bizə tərbiyə ilə bağlı müvafiq tərif verir.

Bu iki tərəfli yolu hər tərəfdən getsək, o biri tərəfi var. İnsanın tərifindən başlasaq, tərbiyənin də ona müvafiq tərifinə sahib olacağıq. Əgər tərbiyənin tərifini təqdim etsək, o, insan tərifini ehtiva edər.

Quranda tərbiyə bəhsinə daxil olmaq üçün Quranda insanın necə vəsf olunduğunu görməliyik. Odur ki, ilk növbədə Quranda insan obrazı haqqında danışmalıyıq.

Quranda insan haqqında müxtəlif anlayışlar var. Bəzi ayələrdə insanın cismi, bəzilərində isə insanın ruhuna işarə olunub. Həmçinin ruh, fitrət, ağıl, qəlb məfhumu, iradə və kollektiv kimlik anlayışı kimi məfhumundan bəhs edilir. Bu da o deməkdir ki, insanlar bir araya gələrək Quranda bəhs edilən toplu bir şəxsiyyət tapırlar. Həmçinin Quranda insan üçün zəiflik və tələskənlik kimi məhdudiyyətlər qeyd olunub.

Quranda insan bu məfhumların köməyi ilə izah edilir. Deyə bilərik ki, bu məfhumların ümumi nəticəsi insanın “əməl edən” olması, yəni insanın əməl sahibi olmasıdır. Başqa sözlə desək, bu sistemdən, yəni cismdən, ruhdan və s.-dən ibarət olan varlığın nəticəsi əməldir ki, insan əməl sahibi sayılır. Əməl məfhumu da xüsusi məfhumdur.

Həzrət Peyğəmbər (s) müxaliflərinə buyurur: "İman gətirməyənlərə de: Siz etdiyinizi (bacardığınızı) edin, biz də etdiyimizi edəcəyik!" (Hud, 121). Bu o deməkdir ki, insanın əməl etməsi ideoloji sərhədləri tanımayan hərtərəfli bir məfhumdur. Peyğəmbər (s) əməl etdiyi kimi müşriklər də əməl edirlər. Həm də irqi, tarixi və coğrafi sərhədləri yoxdur. İnsan harada olursa olsun, tarixdə, coğrafiyada və s. əməl edir. Bu öyrənmə çox əhəmmiyyətlidir.

4011985

captcha