Təvəkkülün mərifət və idrak üzərində qurulduğu və bu mərhələdən sonra əməl və hərəkətin zamanı gəldiyi bildirilib. Buna görə də, təvəkkül ümumiyyətlə iki növ mərifət və praktik tələblərə malikdir. Necə ki, Əmirəl-möminin (ə) bir rəvayətdə təvəkkülün mərifət sahəsinə işarə edərək buyurmuşdur: “Təvəkkül yəqinin gücündəndir”.
Aşağıda yəqin və təvəkkülün mərifət tələblərinə dair Quran ayələrindən bəzi nümunələri qısaca qeyd edilir.
Birincisi, Allahın geniş lütf və mərhəmətinə iman; “Mülk” surəsində oxuyuruq: “De: O, Rəhmandır, biz Ona iman gətirdik və Ona təvəkkül edirik” (Mülk, 29).
Başqa bir inanc budur ki, Allah bəndələrinin xeyir və məsləhətini bilir. Qurani-Kərim buyurur: “Rəbbimiz elm və agahlıq baxımından hər şeyi əhatə etmişdir, biz yalnız Allaha təvəkkül etmişik” (Əraf, 89); Bu o deməkdir ki, ilahi elmin əhatə dairəsi sonsuzdur və biz hər şeydən, o cümlədən, xeyir və məsləhətimizdən tam xəbərdar olan mütləq elmlə qarşılaşırıq.
Amma bəlkə də təvəkküldə ən mühüm inanc Allahın xeyirxahlığına imandır. Qurani-Kərim “Tövbə” surəsində buyurur: “De: Bizə Allahın (Lövhi-Məhfuzda) bizim üçün yazdığından və qərara aldığından (zəfər, məğlubiyyət və sairədən) başqa əsla bir şey yetişməyəcəkdir. O bizim başçı və yardımçımızdır və bütün möminlər Allaha təvəkkül etməlidirlər” (Tövbə, 51). Mömin özünü Allahın vilayətində bilir və mövla öz quluna pis bir şey yazmadığına görə Allahın mömin üçün yazdıqları xeyirdir.
Başqa bir inanc budur ki, Allah qüdrətlidir və bizi hidayət edir. Həmçinin bizi xoşbəxtlik və firavanlığa doğru istiqamətləndirmişdir. “İbrahim” surəsində oxuyuruq: “Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbr edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər” (İbrahim,12).