“İQNA”-nın “Sədyul-Bələd”ə istinadən verdiyi xəbərə görə, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Radio və Televiziyalar İttifaqının sədri Əmr əl-Leysi bildirib ki, birinci Ərəb-İslam Media Forumu (OSPO) noyabrın 19-20-də Füceyrə şəhərində Mədəniyyət və Media Assosiasiyasının əməkdaşlığı ilə keçiriləcək.
O qeyd edib ki, bu forum İslam mediasının fəaliyyətində mühüm dönüş nöqtəsi olacaq və media sahəsində öncüllərin təltif olunması üçün platforma rolunu oynayacaq.
Əl-Leysi əlavə edib ki, tədbir çərçivəsində İslam dünyasının bir sıra məşhur qariləri və həmçinin müxtəlif İslam ölkələrindən olan tanınmış media nümayəndələri təltif olunacaqlar.
Əhməd Nüəynə təltif ediləcək
O həmçinin bildirib ki, Misirin “Şeyxül-Qurra”sı hesab olunan Əhməd Nüəynə də Füceyrə forumunda təltif olunacaq. Tədbirdə müxtəlif İslam ölkələrinin media qurumlarının rəhbərləri, tanınmış jurnalistlər və sahə üzrə mütəxəssislər iştirak edəcəklər.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Radio və Televiziyalar İttifaqının sədri qeyd edib ki, forum çərçivəsində dini və mədəni media mövzusunda ixtisaslaşmış seminar və təlim proqramlarının təşkili nəzərdə tutulur. Bu seminarlar vasitəsilə media sahəsində orta yolçuluq (moderatlıq) və müvazinət dəyərlərinin təşviqi müzakirə olunacaq.
Məlumata görə, Füceyrə Forumu eyni zamanda İslam dünyası Quran Radioları rəhbərlərinin altıncı iclası ilə paralel keçiriləcək və bu iclas “Kütləvi informasiya vasitələri vasitəsilə orta yolçuluq mədəniyyətinin yayılması” şüarı altında baş tutacaq. Toplantıda mülayim və təsirli dini nitqin inkişaf etdirilməsi yolları və bunun İslam cəmiyyətlərinə təsiri araşdırılacaq.
4313056