IQNA

Azərbaycanda islami qaydalarla işləyən yeganə bankın lisenziyası ləğv edilib

13:59 - December 02, 2010
Xəbər sayı: 2041008
Beynəlxalq şöbə: Azərbaycanın Mərkəzi Bank ölkədə fəaliyyət göstərən iki bankın lisenziyasını ləğv edib. Həmin banklardan biri ölkədə islami qaydalarla işləyən yeganə bank olub.
İQNA Quran agentliyinin deyerler.org saytına istinadən məlumatına əsasən, Mərkəzi Bank minimum məcmu kapital tələbinə əməl etmədiyinə, bank qanunvericiliyinin tələblərini pozduğuna, o cümlədən idarəetməni, cari fəaliyyətini etibarlı, prudensial qaydada həyata keçirmədiyinə, Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyinə görə “Debütbank” ASC və “Kövsərbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalar ləğv edib. MB-nin qərarı ilə “Debütbank” və “Kövsərbank” ASC-lərə müvəqqəti inzibatçılar təyin edilib.
Qeyd edək ki, “Kövsərbank” ASC 1989-cu ildə “Universal Bank” kimi yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 21,843 mln. manat, depozit portfeli 3,165 mln. manat, o cümlədən əhalinin əmanətləri 1,307 mln. manat, məcmu kapitalı 12,491 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,020 mln. manat təşkil edib. Bankın ölkə üzrə 2 filialı, 1 bankomatı və 25 işçisi olub. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər təklif etməyib. Təsisçisi bir neçə yerli fiziki şəxs olan “Debütbank” ASC isə 1994-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 7 filialı mövcuddur. Bank son illər ərzində maliyyə göstəricilərini açıqlamayıb.
captcha