İQNA Quran agentliyinin İslam-Azeri.az İnternet qəzetinə istinadən məlumatına əsasən, ölkə ruhanilərindən biri bu barədə xəbər verib. İclasda çox sayda ruhaninin iştirakı gözlənilir.
Xatırladaq ki, sabah keçiriləcək iclasda mətbuat iştirak etməyəcək.
Bu gün həmçinin Daxili İşlər Nazirliyi və Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının (AİP) fəallarının saxlanması ilə bağlı məlumat yayıb.
BŞBPİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AİP sədri Mövsüm Səmədov tərəfindən terror aksiyası hazırlanması barədə BŞBPİ-yə daxil olmuş məlumat əsasında yanvarın 7-də həyata keçirilən əməliyyat tədbirləri ilə sonuncu Nərimanov rayonu ərazisində avtomobillə hərəkət edərkən saxlanılıb. Bu zaman M.Səmədov və avtomobildə olan sərnişinlər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstəriblər.
Saxlanılaraq Nərimanov rayon Polis İdarəsinə gətirilən Mövsüm Səmədov, onunla birlikdə olan Vaqif Abdullayev, Elçin Həsənov və Hüseyn Kazımov barəsində rayon məhkəməsi tərəfindən inzibati həbs-tənbeh tədbiri tətbiq edilib.
Hazırda Mövsüm Səmədovun hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə respublikada ictimai asayişin pozulmasına yönəlmiş terrorçuluğa hazırlıq və belə hərəkətlərin törədiləcəyi ilə hədələməsi faktının araşdırılması üzrə zəruri əməliyyat tədbirləri aparılır.
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Mərdan oğlu Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı DİN-ə daxil olmuş məlumatlar əsasında cari il yanvarın 8-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Dəyanət Səmədovun işlədiyi, Mərdan Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu aşkarlanaraq götürülüb. Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılıblar.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Xatırladaq ki, dünən axşam saatlarında partiyanın qərargahından evə gedərkən həbs olunan Mövsüm Səmədovla ilə birgə, İslam Partiyasının müavini Vaqif Abdullayev və sürücüsü Mirhüseyn Kazımov saxlanılıb. Qeyd edək ki, partiya sədri həbs olunarkən onunla birgə olan Elçin Həsənov da polis tərəfindən saxlanılıb.