IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 12

Dünyadakı bütün möminlərin qardaşlığı

10:42 - July 02, 2023
Xəbər sayı: 3494407
TEHRAN (IQNA) – İmanlı insanlar, əgər həqiqətən də inanclı insanlardırsa, onların ortaq məxrəci Allah sevgisidir. Orada sülh və dostluğa nail olmaq çox asandır.

“Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!” (Hücurat, 10).

İndi möminlər arasında sülh və qardaşlıq bəyannaməsini oxuyuruq. Bu, yaxşılığın, gözəlliyin və həqiqətin yaradıcısı olan Allaha iman gətirən bütün insanlar arasında bir qardaşlıq elanıdır. Əlbəttə ki, belə insanlar arasında ixtilaf və ziddiyyət olarsa, bu, eqoistlik üzündən olmayacaq, əksinə, ümumiyyətlə, cəhalət və təəssübkeşlik və ya anlaşılmazlıqdan qaynaqlanır.

Buna görə də, aralarında sülh yaratmaq, qohumluq baxımından ortaq olan qardaşlar arasında sülh yaratmaq qədər asandır. İmanın ortaq cəhəti qardaşlıqdan daha güclüdür. Ola bilsin ki, Habil və Qabil kimi iki qardaş bir-birləri ilə pis düşmənçilik etsinlər. Lakin əgər iman əhli həqiqətən də iman əhlidirsə, onların ortaq məxrəci Allah sevgisidir və orada sülh və dostluğa nail olmaq çox asandır.

Peyğəmbərin (s) hədisində deyilir ki, möminlər qardaşdan da artıqdırlar. Onlar həqiqətən bir-birinə bağlı və vəhdətdədirlər. Həmçinin bir-birindən ayrı düşmürlər.

İmanın mənası “İslam” terminindən kənara çıxır və istənilən səmavi dinə inananları əhatə edir. İman qəlbin dilidir, ruhun dilidir və insanların rəftar dilidir. Habelə həqiqi eyni dilə sahib olmaq həmin iman dilidir. Yoxsa neçə dəfə eyni dil və ləhcəyə sahib olan insanlar bir-birini öldürüb, eyni dildən olan qardaşına zülm edib. İman hər kəsi qohum edir. Elmə, gözəlliyə və həqiqətə inanan və iman dairəsindən kənara çıxmayanların hamısı həqiqi qardaş və eyni dili danışanlardır.

Süleymanın quşlarla ortaq dildə olmasının sirri onun müxtəlif xalqlara rəğbət bəsləməsi idi. Süleymani məqamına çatsaq, təkcə dil deyil, həyatımızın bütün sahələrini düşünsək, insanların dilini deyil, həm də quşların dilini və otların, səhranın, dağların, düzlərin, yağış və ildırımın dilini də anlayacağıq. Bu, minlərlə ağızdan bizə tövhidi öyrədən Allahın dilidir.

İnsanlar arasında sülh və dostluq yaratmaqdan üstün heç bir ibadət yoxdur. Çünki ibadət Allaha yaxınlaşmaq üçün bir vasitədir. Fəlsəfi baxımdan bir fərdi və ya qrupu vəhdətə gətirən hər bir əməl, onları Allahın mütləq birliyinə yaxınlaşdıran ibadətdir.

* Ustad Hüseyn Muhyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.

4113256

captcha