“İQNA”-nın “əl-Bəyan”-a istinadən verdiyi məlumata görə, sərginin açılışı çərşənbə axşamı, iyunun 16-da baş tutub.
Sərgi ərəb və İslam əlyazmalarının bəşəriyyətin ən mühüm bilik mənbələrindən biri kimi elmi və mədəni dəyərini ön plana çəkir. Eyni zamanda, bu əlyazmaların elmi irsin qorunmasında, mədəni yaddaşın mühafizəsində və biliklərin nəsildən-nəslə ötürülməsindəki rolu vurğulanır.
Şarcədəki sərgidə təxminən 50 nadir əlyazma nümayiş etdirilir. Bu kolleksiya Quran elmləri, ərəb dili, astronomiya, riyaziyyat, tibb, mühəndislik, kənd təsərrüfatı və digər nəzəri və tətbiqi elmlər sahələrini əhatə edir.
Sərgi tədqiqatçılar, akademiklər, elm və tarix tələbələri, mədəni irs həvəskarları və ərəb-İslam sivilizasiyasının elmi irsini kəşf etmək istəyən geniş ictimaiyyət üçün nəzərdə tutulub. Tədbir «Beyt əl-Hikmə»-nin bilik əsaslı cəmiyyətlərin inkişafı, mədəni yaddaşın qorunması və yeni nəsillərin intellektual irsə çıxışının genişləndirilməsi strategiyasını təcəssüm etdirir.
«Beyt əl-Hikmə» Şarcə şəhərinin mərkəzindən 10 km aralıda, Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən və müasir memarlıq üslubu ilə seçilən bir mərkəzdir. İki mərtəbədən ibarət olan bu binada 100 mindən çox kitab saxlanılır.
BƏƏ Ali Şurasının üzvü və Şarcənin hakimi Sultan bin Məhəmməd əl-Qasimi, YUNESKO tərəfindən «Dünya Kitab Paytaxtı» elan edildikdən bir il sonra, 19 dekabr 2020-ci ildə «Beyt əl-Hikmə» mərkəzini rəsmi olaraq istifadəyə verib.
4358147