IQNA

Texasda Qurani-Kərimin təhqir edilməsi hadisəsinin təqsirkarı saxlanılıb

12:59 - June 17, 2026
Xəbər sayı: 3500561
İQNA – Texas rəsmiləri, ötən ay Qurani-Kərimi təhqir edən ifrat sağçı fəal Ceyk Lanqı həbs ediblər.

“İQNA”-nın "əl-Quds əl-Ərəbi"yə istinadən məlumatına görə, Texas rəsmiləri İslam əleyhdarı ekstremist Ceyk Lanqı son həftələrdə ikinci dəfə terror ittihamları ilə həbs ediblər.

Qeydlər göstərir ki, qanuni adı Edvard Ceykob Lanq olan 31 yaşlı şəxs bir milyon dollar girov müqabilində Dallas həbsxanasında saxlanılır.

Həbs sənədlərinə görə, Lanq Friskoda tutulub. İttihamlar onun hərəkətlərinin ictimai qorxuya və dövlət xidmətlərində pozuntulara səbəb olduğunu, həmçinin ciddi fiziki zərər vermə hədələrini və ya dövlət işlərinə müdaxiləni əhatə edə biləcəyini göstərir. Rəsmilər təhdidlərin mahiyyəti barədə əlavə təfərrüat açıqlamayıblar.

Onun həbsi, Ostin Metkalfın qətl işi ilə bağlı məhkəmə iclaslarına etirazçıların toplaşdığı Kollin dairəsi məhkəməsinin binası qarşısında göründükdən bir neçə saat sonraya təsadüf edir.

O, daha əvvəl Minnesota ştatında miqrasiya və gömrük əleyhinə şüarlar yazılmış buz heykəli sındırdığı üçün əmlaka ziyan vurmaqda ittiham olunmuşdu.

Lanq, həmçinin 6 yanvar 2021-ci ildə ABŞ Kapitoluna hücumla bağlı həbsi ilə tanınır. Həmin vaxt o, polis zabitlərinə hücum da daxil olmaqla bir neçə maddə ilə təqsirli bilinmiş, sonradan isə prezident əfvindən istifadə etmişdi.

Ötən ay Lanq ictimaiyyət qarşısında "Amerika tarixində ən böyük kitab yandırma" adlandırdığı Quran yandırma aksiyasını təbliğ etmişdi. Bu, Miçiqan ştatının Hemtramk şəhərindəki İslam mərkəzini hədəf alan, nifrət oyatmaq və çoxmədəniyyətli bu bölgədə dini gərginliyi artırmaq məqsədi daşıyan açıq təxribat xarakterli bir hərəkət idi.

Lakin cəmiyyətin reaksiyası sürətli və qətiyyətli oldu. İrqçilik əleyhinə koalisiyanın çağırışı ilə yüzlərlə insan Cozef Kampo və Keniff küçələrində toplaşan kimi, Lanq geri çəkilməyə başladı və sosial şəbəkələrdə bir-birinə zidd bəyanatlar verdi ki, bu da onun çaşqınlığının və birbaşa qarşıdurmadan qorxusunun bariz əlaməti idi.

4358413

captcha