“İQNA”-nın “Əl-Mayadin” telekanalına istinadən verdiyi məlumata görə, İsrail mediası Trampı İranla mümkün razılaşmanın məğlubu adlandırıb.
Sionist mediası həmçinin əlavə edib: “Stiv Vitkoff və Cared Kuşner Qətərin külli miqdarda pulla satın aldığı iki yəhudidir və onlar İsraildəki qardaşlarını satıblar”.
Mətbuat orqanları bildirib ki, öz kölgələrindən belə qorxan ərəb ölkələri atəşkəsin bərqərar olunmasına təşviq edib və regiona sülhün qayıtması üçün İrana milyardlarla dollar ödəməyi könüllü olaraq üzərlərinə götürüblər.
Sionist rejimin telekanalının müxbiri Süleyman Masuda öz mesajında yazıb: “Nə nüvə məsələsi həll olundu, nə ballistik raketlər problemi, nə də iranlılar Hörmüz boğazına nəzarəti əldən verdilər. Sizin fikriniz nədir?”
Sionist rejimin 14-cü telekanalı isə bildirib: “Trampın bizə etdiyi iş o qədər pisdir ki, onu izah etmək çox çətindir”.
Sionist rejim mediası daha sonra qeyd edib: “İranlılar üçün mühüm bir nailiyyət əldə olunub; dərhal atəşkəs elan ediləcək və bu razılaşmaya əsasən, İsrail (rejimi) dərhal Livanda atəşkəs elan etməlidir”.
Sionist rejimin 24-cü telekanalı da Trampın iranlılara çoxlu güzəştlər verdiyini, əvəzində isə heç nə əldə etmədiyini açıqlayıb.
İsrail mediası Knesset (parlament) üzvlərinə istinadən bildirib ki, İran məsələsini Livan məsələsindən ayırmaq cəhdi iflasa uğrayıb.
Sionist rejimin “Kan” kanalı isə Netanyahu-nun Trampın İranla razılaşma üçün göstərdiyi tələskənliyi ram etməkdə uğursuz olduğunu elan edib.
Donald Tramp ötən gecə «Truth Social» sosial şəbəkəsində paylaşdığı yazıda bildirib: “İran İslam Respublikası ilə razılaşma artıq yekunlaşıb və buna görə hamını təbrik edirəm”. Tramp mesajında qeyd edib: “Mən bununla Hörmüz boğazının rüsumsuz açılmasına tam icazə verirəm və eyni zamanda, ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz mühasirəsinin dərhal qaldırılması barədə əmr verirəm”.
O, Hörmüz boğazındakı gəmiçilik vəziyyətinə işarə edərək yazıb: “Dünya gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axmağa başlasın!”
Bu istiqamətdə Pakistanın Baş naziri Şahbaz Şərif bildirib: “Gərgin danışıqlardan sonra ABŞ və İran arasında sülh sazişinin əldə olunduğunu elan etməkdən məmnunuq”.
“Əl-Cəzirə”-nin məlumatına görə, Şahbaz Şərif deyib: “İki tərəf Livanda daxil olmaqla, bütün cəbhələrdə əməliyyatların dərhal və daimi dayandırıldığını elan edib”.
Razılaşmanın imzalanması üçün rəsmi mərasim cümə günü, iyunun 19-da İsveçrədə keçiriləcək.
O əlavə edib ki, bu sazişin icraya qoyulması ilə vasitəçilər bu həftə ərzində bir sıra görüşləri asanlaşdırmaq üçün çalışacaqlar.
Baş nazir sonda bildirib: “Bu razılaşmanın əldə olunmasında misilsiz və diqqətçəkən rollarına görə Səudiyyə Ərəbistanı və Türkiyəyə təşəkkür edirik”.
Şahbaz Şərif vurğulayıb: “Qətər də bu razılaşmanın əldə olunmasında mühüm rol oynayıb”.
4358296