“İQNA”-nın "Sədyul-Bələd"ə istinadən verdiyi məlumata görə, Misir İslam Araşdırmaları Akademiyasının baş katibi Məhəmməd əl-Cündi, Əl-Əzhər şeyxi Əhməd ət-Tayyibin təmsilçisi kimi Özbəkistan İslam Sivilizasiyası Mərkəzi ilə əməkdaşlıq çərçivəsində keçirilən "Özbəkistan-Misir: Sivilizasiyalar və irs dialoqu" adlı bu beynəlxalq mədəni tədbirdə iştirak edib.
Bu tədbir Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin muzey eksponatlarının nümayişi üçün ayrılmış sahəsinə görə dünyanın ən böyük İslam sivilizasiyası muzeyi kimi rəsmən Ginnesin Rekordlar Kitabına düşməsi münasibətilə təşkil olunub.
Mərasimdə Özbəkistanın xarici işlər naziri Bəxtiyar Səidov, Misirin turizm və qədim abidələr naziri Şərif Fəthi, Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdovs Əbdülxaliqov, Misir müftiliyinin və vəqflər nazirliyinin nümayəndələri, Böyük Misir Muzeyinin icraçı direktoru Əhməd Qənim, eləcə də hər iki ölkədən alimlər, tədqiqatçılar və İslam irsi üzrə ekspertlər iştirak ediblər.
Misir İslam Araşdırmaları Akademiyasının baş katibi tədbirdəki çıxışında vurğulayıb ki, Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin qeyd edilməsi sadəcə bir muzey uğurundan daha böyük əhəmiyyət kəsb edir.
O əlavə edib: "Özbəkistan İslam sivilizasiyasının bir çox görkəmli şəxsiyyətlərini yetişdirmiş torpaqla bağlıdır və bu elmi irs müsəlman ümmətinin vicdanında və Əl-Əzhər kimi əsas elmi qurumlarında hələ də yaşayır".
Xalid əl-Cündi bildirib: "Özbəkistan İslam sivilizasiyası tarixində parlaq bir səhifədir; çünki oradan İslam elmlərinin gələcək nəsillərə ötürülməsində dərin iz qoymuş mütəfəkkirlər çıxıb. Onların arasında "Səhih əl-Buxari"nin müəllifi İmam Məhəmməd ibn İsmayıl əl-Buxari, İmam Əbu İsa ət-Tirmizi, əhli-sünnə ilahiyyatının görkəmli siması İmam Əbu Mənsur əl-Maturidi və hədis, fiqh, təfsir, dil və bəşəri sivilizasiyanın zənginləşməsində rol oynamış bir çox alimləri qeyd etmək olar".
O, İslam Sivilizasiyası Mərkəzinin Ginnesin Rekordlar Kitabında tanınmasının dünyaya bir mesaj göndərdiyini və İslam ümmətinin qorunmağa, öyrənilməyə və təbliğ edilməyə layiq geniş elmi və mədəni irsə sahib olduğunu təsdiqlədiyini bildirib.
O, elmi və mədəni qurumları bu irsi bəşəriyyətin ortaq irsinin ayrılmaz hissəsi kimi nümayiş etdirmək üçün əməkdaşlığı davam etdirməyə çağırıb.
Mərasim çərçivəsində Özbəkistan İslam Sivilizasiyası Mərkəzi haqqında sənədli film nümayiş etdirilib, onun yaradılma mərhələləri və elmi-mədəni məqsədləri nəzərdən keçirilib. Daha sonra nadir əlyazmalar, elmi nəşrlər, tarixi Quran nüsxələri və əsrlər boyu İslam dünyasının ən mühüm elm və bilik mərkəzlərindən biri hesab olunan Məvarənnəhrin mədəni irsini vurğulayan sənədli layihələri əhatə edən "Özbəkistanın mədəni irsi: Bütün bəşəriyyətə məxsusdur" adlı sərginin açılışı olub.
Qeyd edək ki, 13 aprel 2026-cı il tarixində Özbəkistan İslam Sivilizasiyası Mərkəzi rəsmən dünyanın ən böyük İslam sivilizasiyası muzeyi kimi tanınıb və bu nüfuzlu titulu Ginnesin Rekordlar Kitabından alıb.
Mükafatlandırma mərasimi Ginnesin Rekordlar Kitabının rəsmi nümayəndəsi və hakimi Şeyda Subaşının iştirakı ilə keçirilib. O, mərkəzin bütün beynəlxalq standartlara cavab verdiyini təsdiqləyib. Tədbirdə həmçinin layihəyə mühüm töhfə vermiş memarlar, planlaşdırıcılar, dizaynerlər və inşaatçılar iştirak edib və mükafat Mərkəzin Elmi Şurasının üzvlərinə təqdim olunub.
4358089