IQNA

İƏT sionistlər tərəfindən UNRWA-nın qərargahının ələ keçirilməsini pisləyir

5:44 - October 16, 2024
Xəbər sayı: 3496873
İQNA - İslam Əməkdaşlıq Təşkilatı sionist rejimin Qüdsdə UNRWA-nın qərargahının yerləşdiyi əraziləri ələ keçirib onu məskunlaşma məntəqəsinə çevirmək qərarını ən sərt şəkildə pislədiyini açıqlayıb.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, İƏT İsrailin hərəkətinin UNRWA-nın beynəlxalq təşkilat kimi mövcudluğunu, məsuliyyətini, fəaliyyətini və rolunu sarsıtdığını və bunun Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və müvafiq qətnamələrinin açıq şəkildə pozulması olduğunu vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatı UNRWA-nın bölgədəki əhəmiyyətini və xüsusilə Qəzza zolağında fələstinli qaçqınlara əsas xidmətlərin və humanitar yardımın göstərilməsindəki mühüm rolunu vurğuladı.
İƏT həmçinin beynəlxalq ictimaiyyətin sionist rejimin BMT agentlikləri və yardım agentliklərini sistematik olaraq siyasi və hərbi hədəfə alması və onların əməkdaşlarının həyatını daim təhlükəyə atmasının qarşısını almaq üçün üzərinə düşəni etməsinin vacibliyini vurğulayıb.
Sionist rejimin Torpaq İdarəsi öz internet səhifəsində Qüdsdə UNRWA-nın əsas binasının tikildiyi ərazinin 1440 şəhər yaşayış binasına çevriləcəyini və bunun üçün layihənin hazırlandığını elan edib.
BMT Təhlükəsizlik Şurası sionist rejimə xəbərdarlıq edib ki, UNRWA üçün məhdudlaşdırıcı qanunları qəbul etməsin. Çünki bu qanunlar UNRWA-nın işğal olunmuş ərazilərdəki xidmətlərinə son qoyacaq.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi də işğalçı rejimin Qüdsdəki Birləşmiş Millətlər Təşkilatının Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) qərargahı olan ərazidə məskunlaşma mərkəzi tikmək qərarını pisləyib.
4242161

captcha