"İQNA" müxbirinin verdiyi məlumata görə, 47-ci ümummilli Quran müsabiqəsinin açılış mərasimi dekabrın 2-də, beynəlxalq qarilərdən biri olan Səid Pərvizi tərəfindən Qurani-Kərimin tilavəti ilə Təbriz Müsəllasında baş tutdu.
İlk olaraq, Şərqi Azərbaycan vilayəti Vəqflər və Xeyriyyə İşləri İdarəsinin rəhbəri Höccətül-İslam vəl-Müslimin Seyid Şəhəbəddin Hüseyni çıxış edərək, İki Dünya Xanımı Həzrət Fatimə Zəhraya (s.ə) ehtiramını ifadə etdi və İslam İnqilabı, Müqəddəs Müdafiə, müqavimət, təhlükəsizlik və sağlamlıq şəhidlərinin xatirəsini yad etdi. O, həmçinin mərhum Təbriz imam cüməsi şəhid Ayətullah Əl-Haşimi və Şərqi Azərbaycanın mərhum valisi şəhid Malik Rəhmətinin İslam vətəni uğrunda xidmətlərini vurğuladı.
Müsabiqənin katibi qeyd etdi ki, şəhidlərimizin ruhuna ehtiram olaraq 10 ildən sonra yenidən belə bir tədbirə ev sahibliyi etmək bizə nəsib oldu. O, Təbrizin böyük Quran müfəssiri mərhum Ayətullah Təbatəbainin vətəni kimi tanındığını və belə bir tədbirin bu şəhərdə keçirilməsinin çox gözəl bir hadisə olduğunu vurğuladı.
O, həmçinin Vəqflər və Xeyriyyə İşləri Təşkilatının rəhbərinə və Quran işləri üzrə məsul şəxslərə təşəkkürünü bildirdi və müsabiqə müddətində ədalətli və səmimi bir rəqabətin şahidi olacaöına ümid etdiyini söylədi.
Tədbirdə, eləcə də, Şərqi Azərbaycan vilayətinin valisi Höccətül-İslam Əhməd Mütəhhəriəsl çıxış edərək Quran oxuyan gənclərin mükafatlarını vurğuladı. O, belə bir gəncin mələklərlə birgə olduğunu və Qiyamət günündə Quranın həmin şəxsi əzabdan qurtaracağını qeyd etdi.
Təbriz imam cüməsi, belə bir müsabiqəyə ev sahibliyi etməyi böyük şərəf adlandırdı və övladların tərbiyəsində üç xüsusiyyəti nəzərə almağı tövsiyə etdi: "Peyğəmbərinizə sevgi, Əhli-Beytə sevgi və Quran oxumağı öyrədin".
Mərasimdə həmçinin Əhli-Beytə ithaf olunan mərsiyələr oxundu və 8 illik Müqəddəs Müdafiə dövrünün şəhidlərinin naməlum tabutu səhnəyə gətirildi.
4251763