IQNA

Sionist rejimin səfirliyi qarşısında bəhreynlilərin etiraz aksiyası

4:21 - July 27, 2025
Xəbər sayı: 3498594
İQNA - Bəhreynin bir qrup sakini Qəzza zolağının mühasirəyə alınmasına, aclıq səbəbindən qadın və uşaqlar arasında ölüm hallarının artmasına, tibb sektorunun avadanlıq çatışmazlığı səbəbilə iflic vəziyyətinə düşməsinə etiraz olaraq Manamada yerləşən sionist rejimin səfirliyi qarşısında etiraz aksiyası keçirib.

“İQNA”-nın “Mirat əl-Bəhreyn”ə istinadla verdiyi xəbərə görə, Bəhreyn xalqı təcavüz və mühasirənin sona çatdırılmasını, soyqırımın dayandırılmasını, keçidlərin açılmasını və Qəzza zolağına humanitar yardımların çatdırılmasını tələb edib.

Etirazçı bəhreynli gənclər ərəb ölkələrinin Qəzza sakinlərinə qarşı həyata keçirilən soyqırımla eyni vaxtda İsraillə münasibətləri normallaşdırmasını pisləyiblər.

Son günlər ərzində Bəhreyn Qəzzaya dəstək və İsrailin tətbiq etdiyi aclıq və soyqırımı pisləmək məqsədilə keçirilən çoxsaylı nümayişlərin şahidi olub.

Mühasirənin pik həddə çatdığı bir vaxtda bəhreynlilər aclıqdan ölən qadın və uşaqların sayının artması, tibb sektorunun avadanlıq çatışmazlığı səbəbindən fəaliyyətsiz hala düşməsi fonunda Qəzza xalqının əzablarına qarşı həmrəyliklərini bildiriblər.

Bəhreyn rejimi Fələstin məsələsinə həmrəylik nümayiş etdirən etiraz aksiyalarını təhlükəsizlik təqibləri və təzyiqlərlə yatırır və Fələstin müqavimətinə dəstək məqsədilə keçirilən toplaşmaların qarşısını alır. İnsan Haqları Müşahidə Təşkilatı bundan öncə onlayn həmrəyliyin cinayət hesab edilməsi və Fələstin xalqına dəstək məqsədilə küçələrdə keçirilən aksiyalar səbəbilə baş verən həbsləri qeydə alıb. Bu isə Bəhreyn rəsmilərinin İsrail əleyhinə etirazlara qarşı sistematik yanaşmasının göstəricisidir.

Bəhreyn xalqı ilə Ali Xəlifə rejimi arasında münasibətlər, 2020-ci ilin sentyabr ayında hakimiyyətin İsraillə münasibətlərin normallaşdırılması barədə qərarını elan etməsindən sonra daha da gərginləşib. Həmin qərar o zaman "İbrahim Sazişləri" kimi tanınmışdı.

Digər tərəfdən, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) bildirib ki, “İsrail Qəzzadakı dinc əhalini, o cümlədən aralarında çoxlu sayda qidalanma çatışmazlığından əziyyət çəkən və ölüm təhlükəsi ilə üzləşən bir milyon uşağı bilərəkdən aclıqla üz-üzə qoyur.”

UNRWA əlavə edib: “Keçidlərin qapılarını açın və Qəzzanın mühasirəsinə son qoyun ki, biz humanitar vəzifəmizi yerinə yetirib ehtiyacı olanlara, o cümlədən bir milyon uşağa yardım göstərə bilək.”

BMT-nin Uşaq Fondu (UNICEF) da 620 nəfərin aclıqdan öldüyünü və hər gün Qəzzada 112 uşağın xəstəxanalara yerləşdirildiyini təsdiqləyib.

Digər tərəfdən, Qəzza zolağındakı Fələstin hökumətinin media mərkəzi 2,4 milyon əhalisi olan bölgədə 650 min uşağın qidalanma çatışmazlığı və aclıq səbəbilə ölüm riski ilə qarşı-qarşıya olduğunu təsdiqləyib. Təxminən 60 min hamilə qadının isə qida və tibbi xidmət çatışmazlığı səbəbilə ciddi təhlükə altında olduğu bildirilir.

Qəzza zolağındakı Fələstin hökumətinin media ofisi daha əvvəl yaydığı bəyanatda beynəlxalq ictimaiyyəti, bütün dünya ölkələrini, beynəlxalq və insan haqları təşkilatlarını, eləcə də siyasi qurumları Qəzzaya ərzaq və dərmanların çatdırılması üçün birbaşa və daimi təhlükəsiz yolların açılmasına və işğalçı rejimin bu istiqamətdəki hər cür manesinin qarşısının alınmasına çağırıb.

4296266

captcha