IQNA

Sionist rejimin universitetlərinə qarşı sanksiyaların Avropa və Amerikada genişlənməsi

0:39 - July 28, 2025
Xəbər sayı: 3498599
İQNA - Sionist rejimin Universitet Rəhbərləri Komitəsinin bildirdiyinə görə, bu rejimin Qəzza zolağına təcavüzə başlamasından sonra Avropa və Amerikada universitetlərə qarşı sanksiyalar artıb.

“İQNA”-nın “Əl-Əhd” agentliyinə istinadən verdiyi xəbərə görə, Universitet Rəhbərləri Komitəsi bildirib ki, Qəzza müharibəsinin başladığı vaxtdan bu rejimin universitetləri və onların elmi heyəti əleyhinə 750-dən çox “təsdiqlənmiş sanksiya” qeydə alınıb.

Komitə bəzi sanksiyaları “qismən” adlandırıb. Məsələn, elmi jurnallarda məqalələrin nəşrindən imtina edilməsi və ya əvvəlcədən təsdiqlənmiş maliyyə yardımının ləğvi. Digər hallarda isə universitetlər və ya peşəkar qurumlar tərəfindən İsrail universitetləri və tədqiqatçıları ilə hər cür əlaqənin qadağan edilməsi ilə nəticələnən sanksiyalar tətbiq edilib.

“Haaretz” qəzetinin yazdığına görə, son aylarda Avropada onlarla universitet İsrail universitetləri və tədqiqatçıları ilə münasibətlərini kəsdiyini elan edib.

Qəzet Universitet Rəhbərləri Komitəsinin Akademik Sanksiyalara Qarşı Mərkəzinin direktoru Emmanuel Naşonun sözlərinə istinadla yazıb: “Belçikanın demək olar ki, bütün universitetləri İsraili sanksiyaya məruz qoyur, eyni zamanda, Niderlanddakı akademik qurumların 80 faizi də bu addımı atır. İspaniya və Norveçdə bir çox qurum İsrail universitetlərini sanksiya etdiklərini elan edib, İtaliya, İrlandiya və İsveçrədə isə bir neçə sanksiya halları qeydə alınıb”.

Ben Qurion Universitetinin rəhbəri və Universitet Rəhbərləri Komitəsinin sədri professor Daniel Haymovits bildirib ki, İsrailə qarşı akademik sanksiyalar “son bir il yarımda Qərbi Avropada yayılan bir virus kimidir. Bu sanksiyalar xüsusilə ötən ilin martında atəşkəsdən sonra müharibənin yenidən başlaması ilə geniş vüsət aldı”.

“Haaretz” əlavə edib ki, rəsmi elan olunmuş sanksiyalarla yanaşı, bir növ “boz sanksiyalar” da mövcuddur. Bu isə Avropalı tədqiqatçıların İsrailli həmkarlarının e-poçtlarına cavab verməməsi və ya müqavilə müddəti bitdikdən sonra onlarla əməkdaşlığa davam etməməsi kimi halları əhatə edir.

Qəzet vurğulayıb ki, sanksiyaların miqyasına dair “narahatedici” bir göstərici bir həftə əvvəl ortaya çıxıb. Belə ki, Avropa Tədqiqatlar Şurası (ERC) elan edib ki, bu proqrama müraciət edən 100 gənc İsrailli alimdən yalnız 9-u təqaüd almağa nail olub.

4296425

captcha