IQNA

Hollandiyalı nazirlərin sionist rejimin cinayətlərinə etiraz olaraq qrup halında istefası

11:00 - August 24, 2025
Xəbər sayı: 3498743
İQNA - Hollandiya hökumətinin bir neçə naziri, Qəzzadakı müharibəyə görə hökumətin Təl-Əvivə münasibətdə tutduğu siyasət üstündə yaranan ixtilaf səbəbilə, istefa verib.

“İQNA”-nın “Middle East News”-a istinadla verdiyi xəbərə görə, cümə axşamı, mərkəzçi və mühafizəkar partiyalardan olan bir neçə hollandiyalı nazir, hökumətin Qəzza müharibəsinə görə Təl-Əvivə münasibətdə tutduğu siyasət səbəbilə istefa veriblər ki, bu da ölkəni misilsiz siyasi vəziyyətə salıb.

Bu addım Hollandiyanın xarici işlər naziri Kasper Veldkampın istefasından sonra atılıb. O, ölkəsinin Təl-Əvivə qarşı sanksiya tətbiq etməməsi səbəbilə istefa vermişdi.

Hollandiyanın “Dutch News” qəzetinin məlumatına görə, Veldkampın istefasından sonra sosial məsələlər naziri Eydi van Heyum, daxili işlər naziri Yudit Outermark, təhsil naziri Ebo Bruyns, səhiyyə naziri Daniel Yansen və digər dörd nazir də istefa verib.

Veldkamp istefası barədə deyib: “Mən elə bir mövqedə olmadığımı hiss edirəm ki, mühüm addımlar ata bilim. Hökumət Qəzzadakı müharibəyə və Təl-Əvivin davam edən qəsəbə salma planlarına görə İsrailə qarşı daha ciddi tədbirlərin görülməsini dəstəkləmir.”

Hollandiyalı nazir əlavə edib ki, İsrailin Qəzzaya qarşı davamlı təcavüzünə görə tədbirlər görmək istədiyini açıqladıqdan bir gün sonra kabinet daxilində müqavimətlə üzləşib.

Onun sözlərinə görə, təklif etdiyi məsələlər ciddi şəkildə müzakirə olunsa da, kabinet iclaslarının çoxunda etirazla qarşılaşıb.

Veldkamp vurğulayıb: “Bu məsələ məni istefa qərarı verməyə məcbur etdi, çünki gələcəkdə xarici işlər naziri kimi fəaliyyətimi davam etdirmək üçün öz qabiliyyətimə kifayət qədər inamım qalmadı.”

Qeyd edək ki, ötən cümə axşamı Avropanın 21 ölkəsi, o cümlədən Hollandiya, Təl-Əvivin Şərqi Qüdsdə qəsəbə salma planını ən sərt ifadələrlə pisləyən birgə bəyanat yayıb.

4301283

captcha