“Ərəb 21”-in məlumatına görə, İƏT-in baş katibi Hüseyn İbrahim Taha Britaniya, Kanada və Avstraliyanın Fələstin dövlətini rəsmi şəkildə tanıması qərarını alqışlayıb.
Taha bu addımı “tarixi və beynəlxalq hüquq prinsiplərinə, həmçinin BMT qətnamələrinə uyğun” adlandıraraq vurğulayıb ki, bu qərar Fələstin xalqının qanuni haqlarına, xüsusilə öz müqəddəratını təyinetmə və 1967-ci il 4 iyun sərhədləri daxilində müstəqil dövlət qurmaq haqqına güclü dəstəyin göstəricisidir.
İƏT-in baş katibi bir daha xatırladıb ki, Fələstini hələ tanımayan ölkələr bu addımı tezliklə atmalı və Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünə dəstək verməlidirlər. O, beynəlxalq ictimaiyyətin məsuliyyətinə toxunaraq qeyd edib ki, işğala son qoymaq və beynəlxalq qanuniliyinə əsaslanan ikidövlətli həll yoluna nail olmaq üçün bu məsələ həyati əhəmiyyət daşıyır.
Kanada, Avstraliya və Britaniyanın Fələstin dövlətini rəsmi tanıması İslam ölkələrinin bəzilərindən geniş reaksiya və müsbət qarşılanma ilə üzləşib.
Səudiyyə Ərəbistanı bu qərarı alqışlayaraq bildirib ki, bu addım həmin ölkələrin sülh prosesinə dəstək və BMT-nin müvafiq qətnamələrinə əsaslanan ikidövlətli həll yolunu irəlilətmək istiqamətində real öhdəliklərini təsdiqləyir. Küveytin Xarici İşlər Nazirliyi də bəyanat yayaraq bu tanınmaya görə təşəkkürünü bildirib və qeyd edib ki, bu qərar bölgədə sülh şansını artıracaq, ikidövlətli həll yoluna yönəlmiş beynəlxalq səylərə dəstək verəcək. Nazirlik digər ölkələrin də oxşar addımlar atmasının vacibliyini vurğulayıb.
Oman Xarici İşlər Nazirliyi isə bu addımı ikidövlətli həll yolu, regional təhlükəsizlik və sülh baxımından çox mühüm dönüş nöqtəsi adlandırıb. Nazirlik bir daha digər ölkələrə çağırış edib ki, Fələstin dövlətini tanısınlar və bununla da 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olmaqla, müstəqil dövlət qurmaq Fələstin xalqının qanuni haqqı təmin edilsin.
Digər tərəfdən, İordaniya kralı II Abdullah Nyu-Yorkda Avstraliyanın baş naziri Antoni Albanese ilə görüşdə Avstraliyanın Fələstin dövlətini tanımaq qərarını yüksək qiymətləndirib. İordaniya bir daha vurğulayıb ki, Böyük Britaniya, Kanada və Avstraliyanın bu qərarı işğalın sona çatdırılması və Fələstin xalqının ikidövlətli həll əsasında öz müstəqil dövlətini qurmaq hüququna dair beynəlxalq iradənin güclənməsi ilə üst-üstə düşür.
Fars Körfəzi Əməkdaşlıq Şurası da bu addımı ədalətə və beynəlxalq qanuniliyinə nail olmaq yolunda mühüm tarixi dönüş nöqtəsi adlandırıb.
Hazırda BMT üzvü olan ölkələrin təxminən dörddə üçü Fələstini tanıyır. İrlandiya, İspaniya və Norveç ötən il bu qərarı rəsmi şəkildə elan etmişdilər.
4306382