IQNA

Vatikan Kitabxanasında müsəlman tədqiqatçılar üçün namaz otağı ayrılıb

10:18 - October 14, 2025
Xəbər sayı: 3499029
İQNA - Vatikan Kitabxanasının müavini bildirib ki, bu kitabxanaya müraciət edən müsəlman tədqiqatçılar üçün namaz qılmaq məqsədilə xüsusi məkan ayrılıb.

“The Catholic Herald” nəşrinin verdiyi xəbərə görə, Vatikan Papalıq Kitabxanasının müavini ata Cakomo Kardinali bildirib ki, kitabxanaya gələn müsəlman tədqiqatçılar üçün namaz qılmaq üçün xüsusi yer ayrılıb.

O, İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində deyib ki, müsəlman tədqiqatçılar namaz qılmaq üçün kiçik bir otaq istəmiş və kitabxana bu istəyi qəbul edib. Onun sözlərinə görə: “Bəzi müsəlman tədqiqatçılar bizdən xalçalı bir otaq istəyiblər ki, orada namaz qıla bilsinlər və biz də onlara bu imkanı yaratmışıq.”

15-ci əsrin ortalarında təsis edilən Vatikan Kitabxanası tez-tez Katolik Kilsəsinin “fikir mərkəzi” kimi tanınır və burada dünyanın müxtəlif din və mədəniyyətlərinə aid çoxsaylı əlyazmalar və mətnlər toplanıb.

Ata Kardinali bildirib ki, kitabxananın kolleksiyasında çox qədim “Quran nüsxələri” ilə yanaşı, ivrit, etiyop, ərəb və çin dillərində əsərlər də mövcuddur. O əlavə edib: “Biz qlobal bir kitabxanayıq.”

O, həmçinin kolleksiyanın nadir nümunələrindən bir neçəsini qeyd edib, məsələn, Yaponiyadan kənarda mövcud olan orta əsrlərə aid ən qədim yapon arxivinin burada saxlanıldığını vurğulayıb. Bu arxiv 1920-ci illərdə Yaponiyada yaşamış dini missioner ata Mario Marqa sayəsində qorunub saxlanılıb.

Hazırda hesab edilir ki, Vatikan Kitabxanasında təxminən 80 min əlyazma, 50 min tarixi sənəd, 2 milyona yaxın çap kitabı və 100 mindən çox çap əsəri, sikkə və medal mövcuddur. Son illərdə burada yeni kəşflər də edilib, o cümlədən Spinozanın Etika kitabının nadir əlyazma nüsxəsi.

Vatikan şəhərində yerləşən Papalıq Kitabxanasının əsası 1451-ci ildə Papa 5-ci Nikolas tərəfindən qoyulub və o vaxtdan bəri xristian və bəşəri elmin aparıcı xəzinələrindən biri kimi fəaliyyət göstərir. Müxtəlif dinlərdən olan tədqiqatçıları qəbul etməyə hazır olması, bu müəssisənin qlobal elm və mədəniyyətin qorunması mərkəzi kimi oynadığı mühüm rolu nümayiş etdirir.

4310481

captcha