IQNA

İranın Malayziyadakı mədəniyyət müşaviri:

Qəzza məsələsi bizə öyrədir ki, ədalət bərqərar olunmadan sülhün mənası yoxdur

16:18 - November 01, 2025
Xəbər sayı: 3499130
İQNA - İranın Malayziyadakı mədəniyyət müşaviri ilk beynəlxalq vebinarda – “Gənclər və din Qəzza mövzusu ilə dinc bir dünya üçün” adlı tədbirdə çıxış edərək vurğulayıb ki, davamlı sülh yalnız ədalət bərqərar olunduqda və insan ləyaqəti qorunduqda mümkündür.

“İQNA”-nın İranın Malayziyadakı Mədəniyyət Müşavirliyinin ictimai əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, “Gənclər və din dinc dünya üçün – Qəzzadan alınan dərslər” başlıqlı beynəlxalq seminarlar silsiləsinin birinci vebinarı İran, Malayziya və İndoneziyadan olan alim və universitet ustadlarının iştirakı ilə keçirilib.

Bu vebinar İranın Malayziyadakı Mədəniyyət Müşavirliyi, Ədyan və Məzhəblər Universiteti, Malayziya Putra Universiteti və bu ölkənin İslam Elmləri Universitetinin birgə əməkdaşlığı ilə təşkil olunub. Tədbirdə Ədyan və Məzhəblər Universitetinin Beynəlxalq Əlaqələr üzrə müavini höccətül-islam vəl-müslimin Məhəmməd Mehdi Təsxiri, İranın Malayziyadakı mədəniyyət müşaviri Həbib-Rza Ərzani, Malayziya Putra Universitetinin ustadı Əhməd Əzizəddin Məhəmməd Rami, İndoneziyanın Darüssəlam Gontor İslam Universitetinin ustadı Arsya Amalrti Arbyanti, Malayziya İslam Elmləri Universitetinin ustadı Əbdülhəkim Muvəhhid və Ədyan və Məzhəblər Universitetinin dosenti Seyid Əli Əhrari çıxış ediblər.

Vebinarın natiqləri gənclərin roluna və dinlərarası dialoqa toxunaraq, davamlı sülhə nail olmaq yolunda ədalət, insan ləyaqəti və qlobal həmrəyliyin vacibliyini vurğulayıblar.

Ədyan və Məzhəblər Universitetinin Beynəlxalq Əlaqələr üzrə müavini höccətül-islam Məhəmməd Mehdi Təsxiri Qəzzadakı humanitar faciə münasibətilə başsağlığı verərək bildirib: “Qəzza zülm və müqavimətin simvoludur. Müsəlman cəmiyyətləri elmi və mədəni potensiallarından istifadə edərək, Fələstin xalqının səsini dünyaya çatdırmalıdır.”

O əlavə edib: “Sülh yalnız o zaman bərqərar olar ki, fələstinli xalq öz qanuni hüquqlarına çatsın. Müsəlman gənclərin borcudur ki, şüur və həmrəyliklə sülh və ədalət mesajını yaşatsınlar.”

Daha sonra Həbib-Rza Ərzani “Əzabdan həmrəyliyə – Qəzzadan gənclər, din və sülhyaratma üçün dərslər” mövzusunda çıxış edib.

O, elmi araşdırmalara və beynəlxalq etibarlı hesabatlara istinad edərək deyib: “İşğal, köçkünlük və məhrumiyyət nəticəsində yaranan böhranlar hərbi yolla həll edilə bilməz. Davamlı sülh yalnız o zaman formalaşar ki, gənclərin təhsil, insan ləyaqəti və təhlükəsizlik kimi əsas hüquqları təmin edilsin.”

Ərzani qeyd edib ki, sülhün əsas şərti ədalətin bərqərar olmasıdır və əlavə edib: “İbrahimi dinlər insanın canı və ləyaqətini müqəddəs sayır. Dinlərarası dialoq yalnız o zaman bəhrəli olar ki, insan əzablarına ortaq və mənəvi cavab verə bilsin.”

O, gəncləri əsas dəyişiklik amili adlandıraraq deyib: “Mühasirəyə baxmayaraq, fələstinli gənclər oxumağa, sosial fəaliyyətlərdə iştirak etməyə davam edirlər. Onların sülhyaratma prosesində iştirakı cəmiyyətin davamlı transformasiyası üçün möhkəm təməl yaradır.”

Ərzani vurğulayıb: “Din əxlaqla birləşdiyi zaman sülh üçün körpü olur, maneə deyil. Mədəniyyət və iman sülhün təməlidir; Qəzzada sənət, şeir və mədəni kimlik ictimai müqavimət gücünü artırıb.”

O, çıxışının sonunda bildirib: “Dünya gənclərinin hərəkatları Qəzzanın səsini gücləndirib və ədalət tələbinə qlobal xarakter qazandırıb. Bu cür həmrəyliklər ədalətli sülhün hərəkətverici qüvvəsidir.”

İranın mədəniyyət müşaviri sözlərini belə tamamlayıb: “Qəzza bizə öyrədir ki, sülh fəaliyyət və ədalət tələb edir. Gənclər öz bacarıq, şüur və yaradıcılıqları ilə ümidi gerçəkliyə çevirə bilərlər. Şübhəsiz, gələcək bu günkü əməllərimizə baxır.”

4313942

captcha