IQNA

Hindu radikallarının Tac Mahalın tarixini təhrif etmə cəhdləri

4:45 - December 08, 2025
Xəbər sayı: 3499364
İQNA - Yeni bir Bollivud filmi, Tac Mahalın tikilmə motivləri ilə bağlı tarixi rəvayətləri təhrif etməyə çalışaraq, onu hindular tərəfindən inşa edilmiş kimi göstərməyə cəhd edib.

“İQNA”-nın “CNN”-ə istinadən verdiyi xəbərə görə, Hindistanda son illərdə müxtəlif bəhanələrlə İslam simvollarını aradan qaldırmaq cəhdləri güclənib. Son nümunə isə oktyabr ayında yayımlanan, hind rejissor Tuşar Goyel tərəfindən çəkilmiş mübahisəli “Tac hekayəsi” (The Taj Story) filmidir. Bu film dünyanın ən məşhur tarixi abidələrindən birinin rəsmi tarixini şübhə altına alır. Filmdə iddia olunur ki, 17-ci əsrdə tikilmiş Tac Mahal İslam abidəsi deyil, əslində hindu sarayıdır və müsəlman hökmdarlar tərəfindən zəbt edilərək başqa məqsədlə istifadə olunub. 

“Tac hekayəsi” Hindistanın milyardlarla dollarlıq kino sənayesindən çıxmış yarı-tarixi filmlərin ən son nümunəsidir. Tənqidçilər deyirlər ki, bu filmlər ölkədəki təxminən 200 milyon müsəlmanın simasını şeytani və çirkin göstərməyə çalışır. Onların fikrincə, bu layihə hakim Hindu millətçi Bharatiya Janata Partiyasının (BJP) ideologiyasını əks etdirir. Bu partiya islamofobiya və dünyanın ən böyük demokratiyasında əsrlər boyu birgə yaşamış dinlər arasında gərginliyi artırmaqda ittiham olunur. 

Filmin rejissoru iddia etsə də ki, filmi heç bir qrup və ya partiya maliyyələşdirməyib, “Tac hekayəsi”ndə Das obrazını canlandıran aktyor Parş Raval BJP partiyasının keçmiş deputatıdır. 

Filmin təqdim etdiyi rəvayət dövlətin Arxeologiya İdarəsinin qədim araşdırmaları ilə ziddiyyət təşkil edir və Hindistanın bir çox media qurumlarını və akademiklərini inandıra bilməyib. “Indian Express” qəzeti yazıb: “Tac hekayəsi” sui-qəsd nəzəriyyələrinin qarışığıdır və bu film sadəcə vəziyyəti qarışdırır, reallıqla hekayəni bir-birinə qataraq tarixi həqiqətlərdən uzaq bir gündəliyə xidmət edir. 

Hindistanın “Həftə” jurnalı da qeyd edib: “Bu film həm “cəlbedici bir kino əsəri”, həm də “təbliğat işi” kimi uğursuz olub”. 

Kassa satışlarında da uğur qazanmayıb: 1,3 milyon dollarlıq büdcə ilə çəkilən film cəmi 2 milyon dollar gəlir əldə edib. Buna baxmayaraq, film bəzi hinduların fikirlərini dəyişməyə və onları Tac Mahalın tarixi barədə çaşdırmağa müvəffəq olub. 

Film tamamilə hindu millətçi dairələrin iddiaları ilə üst-üstə düşür. Bu dairələr, sağçı və radikal Hindistan baş naziri Narendra Modinin hakimiyyətə gəlməsindən sonra müsəlmanlara qarşı ayrı-seçkiliyi maksimuma çatdırmağa çalışıblar. 

Tac Mahal dünyanın ən məşhur abidələrindən biridir. Hindistanın paytaxtı Dehlidən 200 km cənubda, Aqra şəhəri yaxınlığında yerləşən bu məqbərə dünyanın yeddi möcüzəsindən biri sayılır. Abidə, Hindistanın beşinci Böyük Moğol hökmdarı Şah Cahan tərəfindən həyat yoldaşı Ərcümənd Banu xatirəsinə inşa etdirilib. Şah Cahan və həyat yoldaşı həmin yerdə dəfn olunublar. 

Binanın memarlığı İslam və Moğol memarlığının sintezidir. Onun tikintisində Əhməd Lahori və qardaşı Həmid Lahorinin rəhbərliyi altında 20 min sənətkar iştirak edib. Şirazlı sənətkarlar isə Tac Mahalın qapı və divarlarında yazılmış kitabələrin xəttatlığını həyata keçiriblər. 

Tac Mahalın tikintisinə 1632-ci ildə başlanmış və 1647-ci ildə tamamlanmışdır. 

4321436

Teqlər: hindistan ، məscid ، tac-mahal ، hindu ، film
captcha