“İQNA”-nın “Əl-Aləm”ə istinadla verdiyi xəbərə görə, Baş Assambleya böyük səs çoxluğu ilə Fələstin xalqının öz müqəddəratını təyinetmə, o cümlədən müstəqil dövlət qurmaq hüququnu təsdiqləyən qətnamə layihəsini qəbul edib.
Bu qətnamə layihəsi 164 üzv dövlətin dəstəyi ilə qəbul olunub, yalnız 8 ölkə əleyhinə səs verib: İsrail, ABŞ, Mikroneziya, Argentina, Paraqvay, Papua Yeni Qvineya, Palau və Nauru. Bundan başqa, 9 ölkə – Ekvador, Toqo, Tonqa, Panama, Fiji, Kamerun, Marşal adaları, Samoa və Cənubi Sudan səsvermədən çəkinib.
“Xalqların öz müqəddəratını təyinetmə hüququ” adı altında təqdim olunan bu qətnamə, BMT-nin Fələstinlilərin siyasi statuslarını azad şəkildə müəyyənləşdirmək və iqtisadi, sosial, mədəni inkişaflarını irəlilətmək hüququna dair mövqeyini bir daha vurğulayıb.
Sənəddə BMT Nizamnaməsi və beynəlxalq insan haqları müqavilələri də daxil olmaqla müvafiq qətnamə və beynəlxalq sənədlərə istinad edilərək, öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq hüququn əsas prinsipi olduğu qeyd olunub.
Qətnamə həmçinin bütün dövlətlərdən, təşkilatlardan və BMT-nin ixtisaslaşmış qurumlarından Fələstinlilərin bu hüququ tezliklə reallaşdırmasına dəstək və yardım göstərmək üçün səylərini artırmağı tələb edir.
Bundan əlavə, qətnamədə işğal olunmuş Fələstin torpaqlarının, o cümlədən Şərqi Qüdsün vahidliyi, bütövlüyü və ərazi tamlığına hörmət olunmasının vacibliyi vurğulanıb və beynəlxalq hüquq və BMT qətnamələri əsasında ədalətli, davamlı və hərtərəfli sülhün dəstəkləndiyi bir daha bəyan edilib.
4323348