“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, müxalifət lideri Yair Lapid açıqlamasında deyib ki, məskunlaşanların terroru İsrail üçün bir rüsvayçılıqdır, təhlükəsizlik təhdidləri yaradır və bu məsələ mütləq həll edilməlidir.
O vurğulayıb ki, məskunlaşanların törətdiyi zorakılıqlar Netanyahu kabinetinin nəzarəti altında həyata keçirilən “yəhudi terroru” xarakteri daşıyır.
Lapid iddia edib: “İki dövlətli həll Həmasın təkcə Qəzza zolağına deyil, həm də İordan çayının qərb sahilinə hakim olmasına gətirib çıxarar. Bizim Qəzzaya doğru yola çıxan ‘Səmud donanmasının’ (Qəzza mühasirəsini yarmaq təşəbbüsü) qarşısını almaq haqqımız var, çünki Qəzzanı hərbi qapalı zona hesab edirik.”
O əlavə edib ki, “sionizm” termini bir çox yerlərdə mənfi qarşılanır, lakin o iddia edir:
“Sionizm hərəkatı 21-ci əsrin ən gözəl hərəkatıdır, amma təəssüf ki, nüfuzdan salınıb.”
Lapid bildirib ki, əgər hökumət qursalar, növbəti üç-dörd il ərzində nə Fələstin dövlətinin yaradılması, nə də Fələstin torpaqlarının bir hissəsinin ilhaqı üçün təzyiq göstərməyəcəklər.
Müxalifət lideri həmçinin üç ildir davam edən işğal altındakı ərazilərdəki müharibənin dayandırılmasının vacibliyini vurğulayıb və qeyd edib ki, məskunlaşanların zorakılığının əsas səbəbi Ben-Qvirin bu cür zorakılığın qatı tərəfdarı olmasıdır.
Bu açıqlamalar fonunda İsrail rejimi fələstinlilərə qarşı məskunlaşanların zorakılığının artması, dağıntılar, məcburi köçürmə və fələstinlilərin evlərindən çıxarılması ilə paralel şəkildə İordan çayının qərb sahilindəki yaşayış məntəqələrini genişləndirməkdə davam edir. Bunların hamısı ilhaq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.
1995-ci ildə Oslo-2 sazişinin imzalanmasından sonra İsrail rejimi İordan çayının qərb sahilində geniş əraziləri “C zonası” kimi təsnif etməkdən istifadə edərək fələstinli bədəvi icmalarının dağıdılmasını və sakinlərin köçürülməsini daha da intensivləşdirib.
İsrail iddia edir ki, bu icmalar ətrafdakı yəhudi məskunlaşma məntəqələri üçün təhlükə yaradır. Fələstinlilər isə bildirirlər ki, bu köçürmələr məskunlaşma siyasətini genişləndirmək və yeni reallıqlar yaratmaq məqsədi daşıyan planlı bir siyasətin tərkib hissəsidir.
4354315