“İQNA”-nın "Mars 30"-a istinadən verdiyi məlumata görə, İspaniyada qeydə alınan nifrət cinayətləri və hadisələri 2025-ci ildə məlumatların toplanmağa başladığı 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. İspaniya Daxili İşlər Nazirliyinin illik hesabatına görə, hüquq-mühafizə orqanları ümumilikdə 2417 nifrət cinayəti və hərəkətini araşdırıb ki, bu da 2024-cü illə müqayisədə 23,6 faiz artım deməkdir.
İrqçilik və ksenofobiya ilə bağlı cinayətlər 934 qeydə alınmış hadisə ilə ən böyük rəqəmə sahib olsa da, hesabat islamofobiyanın ötən il ən çox artan fenomen olduğunu təsdiqləyib.
Müsəlmanlara qarşı nifrət cinayətləri 2024-cü illə müqayisədə 133 faiz artaraq 35 hadisəyə çatıb, bu artım virtual məkanda isə 450 faiz təşkil edib.
Hesabatda həmçinin əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliklə bağlı nifrət cinayətlərinin 90 faiz, eləcə də antisemit hərəkətlərin 86,5 faiz artdığı qeyd olunub.
İrqçi və ksenofob cinayətlərdən sonra gender kimliyi ilə bağlı cinayətlər 571 hadisə ilə ikinci, ideoloji motivli cinayətlər isə 64 faizlik artımla 241 hadisə ilə üçüncü yerdə qərarlaşıb.
Hesabat İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska tərəfindən Madriddə keçirilən 2025-2028-ci illər üçün nifrət cinayətlərinə qarşı mübarizə üzrə üçüncü planın monitorinqi iclasında təqdim olunub.
İspaniya Daxili İşlər Nazirliyi həmçinin azyaşlıların bu cür cinayətlərdə iştirakının artması ilə bağlı xəbərdarlıq edib; belə ki, azyaşlı qurbanların sayı 17 faiz, cinayət törədən kimi iştirak edən azyaşlıların sayı isə təxminən 20 faiz artıb.
İspan rəsmiləri vurğulayıblar ki, nifrət cinayətlərinin artması, xüsusilə sosial media və rəqəmsal platformalarda islamofobiyanın ən sürətlə yayılan fenomenlərdən birinə çevrilməsi ilə yanaşı, irqçi ritorikanın genişlənməsi ilə bağlı narahatlıqları artırır.
4356278