“İQNA”-nın "Sədyul-Bələd"ə istinadən verdiyi məlumata görə, Əl-Əzhər Beynəlxalq Akademiyası "Müasir Təbliğatçının Hazırlanması" kursunda iştirak edən icma imamları və xarici təbliğatçılar üçün Füstat bölgəsindəki bir sıra İslam və Xristian tarixi abidələrinə qrup ziyarəti həyata keçirib. Bu kurs iki ay müddətində Əlcəzair, Nigeriya, Hindistan, Qana, Toqo, Banqladeş və Madaqaskardan olan təlimçilərin iştirakı ilə keçirilir.
Həsən əs-Səğir, Əl-Əzhər Beynəlxalq Akademiyasının direktoru dedi: "Bu tur, Akademiya tərəfindən Misirin dini və mədəni məkanları ilə tanış olmaq üçün həyata keçirilən kompleks proqramın bir hissəsidir."
O, keçən həftə Akademiyanın Əl-Əzhər böyük məscidinə təşkil etdiyi ziyarət proqramına işarə edərək əlavə etdi: "İştirakçılar bu ziyarətdə bu məscidin zəngin tarixi və həyətləri, İslam elmləri və ərəb dilinin yayılmasında, həmçinin mülayimlik və itidalın gücləndirilməsindəki rolu ilə tanış oldular."
Əs-Səğir bildirib: "Ziyarətlərin müxtəlifliyi Əl-Əzhərin dini və mədəni biliyə malik təbliğatçılar yetişdirmək yanaşmasını əks etdirir. Bu ziyarətlər Misirin zəngin mədəni, tarixi və humanitar irsi ilə tanış olmağa kömək edir və ziyarətçilərin dünyada Əl-Əzhərin missiyasının dəqiq təsvirini çatdırmaq bacarığını artırır."
Bu proqram Füstat bölgəsindəki bir neçə görkəmli tarixi və dini abidəyə ziyarəti əhatə edirdi. Burada Əl-Əzhər Ərəb Dili Fakültəsinin İslam Sivilizasiyası kafedrasının müəllim heyətinin üzvü Məhəmməd əl-Cəzairi bölgənin tarixi və mədəni əhəmiyyəti barədə ətraflı izahat verib və "Əmr ibn As" böyük məscidinin tarixi dəyərini və onun müxtəlif dövrlərdə intellektual və təbliğat hərəkatındakı mərkəzi rolunu vurğulayıb.
Bu tur, iştirakçıların bu yerlərin tarixi əhəmiyyəti ilə tanış olduqları "Asma Kilsə" və "Əbu Sərgə Kilsəsi" də daxil olmaqla bir neçə görkəmli Xristian abidəsinə ziyarəti əhatə edirdi.
Xarici təbliğatçılar həmçinin Roma dövründən İslam fəthinə qədər olan dövrün mənzərəsini əks etdirən Misirin ən qədim arxeoloji qalalarından biri olan "Babilyon Qalası"nı da ziyarət ediblər.
4355536